DÜNYA


Yaponiyanın Baş nazirinin reytinqi son bir ayda 10 faizdən çox düşüb

Tokio, 18 iyun, AZƏRTAC 

Baş nazir Şinzo Abenin rəhbərlik etdiyi Yaponiya Nazirlər Kabinetinin reytinqi 44,9 faiz təşkil edib və respondentlərin 43,1 faizi onun siyasətinə qarşı çıxıb.

Bu barədə Kyodo agentliyinin iyunun 17-18-də keçirdiyi ictimai rəy sorğusu barədə dərc olunan məlumatında bildirilib.

Beləliklə son bir ayda Baş nazirin reytinqi may ayındakı 55,4 faizə qarşı 10 faizdən də çox düşüb. Sorğu zamanı respondentlərdən suallara cavab verməklə yanaşı, Yaponiyada son ayda daha çox diqqəti cəlb edən iki hadisə barəsində də soruşulub. Bu suallar terror aktına hazırlığa görə cəza tətbiqi barədə qanun və Ş.Abenin öz dostunun layihəsinə yardım göstərmək cəhdi ilə əlaqədar olub.

Rəyi soruşulanların 67,7 faizi hakimi koalisiyanın qanunların qəbulu zamanı istifadə etdiyi üsuldan narazılığını bildirib.

Müxalifət və ictimai təşkilatların bir hissəsi qanunvericilikdə aparılan dəyişikliyin bütün ölkə vətəndaşlarını izləmə obyektinə çevirməsindən və su-istifadəyə yol açmasından ehtiyat edirlər. Qanun “antiterror” adı daşısa da, cinayətə hazırlıq siyahısına 277 bənd daxil edilib. Ümumilikdə rəyi soruşulanların 44 faizi qanunun əleyhinə, 42,1 faizi isə lehinə çıxış edib.

Bundan əlavə, respondentlərin 73,8 faizi bildirib ki, Baş nazirin dostunun kommersiya layihəsinə yardım etmək niyyətinin olmaması barədə hökumətin izahatı onları qane etməyib. Ötən həftə təhsil, mədəniyyət, idman, elm və texnologiyalar naziri Hirokazu Matsuno müxalifətin parlamentdə elan etdiyi 19 sənəddən 14-ü barədə izahat verib. Həmin sənədlərdə özəl universitetə məxsus xüsusi iqtisadi zonada Ş.Abenin dostu Kotaro Kakeyə məxsus baytarlıq fakültəsinin yaradılmasını dəstəkləmək barədə “Baş nazirin niyyəti” öz əksini tapıb.

Respondentlərin 9,3 faizi əmindir ki, kabinetdə aparılan araşdırmalar zamanı ilk mərhələdə tapılmayan bu sənədlər həqiqəti üzə çıxarıb, 84,9 faizi isə bunun əksini düşündüyünü bildirib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.