SİYASƏT
Yaponiyanın “FEC News” qəzetində Humanitar Forum haqqında məqalə dərc olunub
Tokio, 18 dekabr, AZƏRTAC
Yaponiyanın Beynəlxalq Dostluq Mübadiləsi Şurasının orqanı olan “FEC News” qəzetində IV Bakı Beynəlxalq Humanitar Forumu haqqında məqalə dərc olunub.
Məqalədə müasir dünyada baş verən proseslər fonunda Humanitar Forumun mühüm əhəmiyyətə malik olduğu vurğulanıb.
Məqalədə IV Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, Yaponiyanın Beynəlxalq Dostluq Mübadiləsi Şurasının prezidenti Ken Matsuzavanın Forum barədə təəssüratlarına yer verilib. K.Matsuzava bildirib ki, hazırda sülh problemi, humanizm məsələləri bəşəriyyəti ciddi şəkildə narahat edir və bunlar müxtəlif səviyyələrdə müzakirə olunur. Bu mənada Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə təşkil edilən Bakı Beynəlxalq Humanitar Forumu, burada müzakirə olunan məsələlər yalnız hər hansı bir ölkə üçün deyil, ümumiyyətlə bütün dünya üçün xüsusi əhəmiyyətə malikdir. K.Matsuzava vurğulayıb ki, qədim tarixi, zəngin mədəniyyəti və dinamik inkişafı ilə dünyanın diqqətini cəlb edən Azərbaycanın bu təşəbbüsü təqdirəlayiqdir.
Yazıda qeyd olunub ki, bu mötəbər tədbirdə müxtəlif ölkələrdən tanınmış siyasətçilər, dövlət xadimləri xalqlar və ölkələr arasında əlaqələrin inkişafı üçün yeni təkliflər irəli sürüb, dinlərarası dialoqun davam etdirilməsi təşəbbüsü ilə çıxış ediblər. Tədbirdə sabiq prezidentlərin, dünya miqyasında tanınmış siyasətçilərin, mədəniyyət xadimlərinin, Nobel mükafatçılarının iştirakı onu deməyə əsas verir ki, onlar gələcək fəaliyyətlərində Forumda səslənən fikirlərdən yararlanacaq və qlobal problemlərin həllinə kömək göstərəcəklər.
Prezident İlham Əliyevin Forumun açılışındakı nitqinə xüsusi yer ayıran K.Matsuzava bildirib ki, dövlət başçısı müasir dünyada bütün bəşəriyyəti düşündürən məsələlər haqqında danışıb və həmin problemlərin həlli yollarını göstərib.
Yazıda multikulturalizmin Azərbaycanda həyat tərzinə çevrilməsindən söz açılaraq bildirilib ki, ölkədə dövlət siyasətinin prioritet istiqaməti insanların bərabər hüquqlara malik olmasını təmin etməkdir.
Məqalədə Azərbaycanın dünya dövlətləri, eləcə də Yaponiya ilə mehriban dostluq siyasəti yürütdüyü də nəzərə çatdırılıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio