SİYASƏT
Yaponiyanın Hakiyogi şəhərində Azərbaycan haqqında təqdimat keçirilib VİDEO
Tokio, 2 fevral, AZƏRTAC
Fevralın 1-də Yaponiyanın Hakiyogi şəhərində Azərbaycan haqqında təqdimat keçirilib.
Hakiyogi Beynəlxalq Assosiasiyasının təşkil etdiyi tədbirdə Azərbaycanın Yaponiyadakı səfirliyinin əməkdaşı Fuad Bağırov və elektronika sahəsində tanınmış alim, əslən azərbaycanlı Xəlil Kələntər iştirakçılara ölkəmiz haqqında məlumat veriblər.
Ölkəmizin qədim sivilizasiyaların qovuşuğunda yerləşdiyi, zəngin mədəniyyətə malik olduğu bildirilib, müasir Azərbaycanın uğurları barədə məlumat verilib. Azərbaycanın dövlət atributları, coğrafi mövqeyi, təbiəti, əhalisi, dini tolerantlığı, iqtisadiyyatı, enerji siyasəti barədə də söhbət açılıb. XX əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin yaranması haqqında məlumat verən qonaqlar onun müsəlman Şərqində ilk demokratik parlamentli respublika olduğunu bildirərək, 1991-ci ildə Azərbaycanın öz müstəqilliyini bərpa etdiyini vurğulayıblar.
Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın dünya birliyinə inteqrasiyası istiqamətində uğurları, xüsusilə də Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu, TAP və TANAP layihələri, Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri kimi beynəlxalq iqtisadi layihələrdə ölkəmizin aparıcı mövqeyi diqqətə çatdırılıb.
Azərbaycanın dünyada atan nüfuzu, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsindəki əhəmiyyətli rolu haqqında danışan qonaqlar hökumətin qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirdiyini vurğulayaraq sənaye, turizm, kənd təsərrüfatı, alternativ və bərpa olunan enerji mənbələri sahələrində geniş imkanların mövcudluğunu bildiriblər.
Mərasimdə Azərbaycanın etibarlı tərəfdaş kimi beynəlxalq münasibətlər sistemində özünü doğrultduğu diqqətə çatdırılıb, ölkəmizin 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsinin bunun bariz nümunəsi olduğu vurğulanıb.
Təqdimatda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və ağır nəticələri barədə ətraflı məlumat verilib. Münaqişə nəticəsində xarici havadarlarına arxalanan Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal etməsi, bir milyondan çox azərbaycanlının ata-baba yurdlarından didərgin düşməsi haqda da danışılıb.
Ötən il Azərbaycanın Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyinin qeyd edildiyini vurğulayan qonaqlar ölkəmizin bu qədim və ayrılmaz hissəsi haqqında da ətraflı məlumat verərək, onun çətin sınaqlarla dolu mürəkkəb və şərəfli yol qət etdiyini diqqətə çatdırıblar. Ermənistan tərəfindən blokadaya alınmasına baxmayaraq, Naxçıvanın böyük uğurlar qazandığı qeyd edilib.
Sonda iştirakçıların sualları cavablandırılıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio