REGİONLAR
Yaponiyanın İto şəhərindən olan qonaqlar İsmayıllıya gəliblər
İsmayıllı, 17 avqust, AZƏRTAC
İsmayıllı və Yaponiyanın İto şəhərləri arasında imzalanan “Qardaşlaşmış şəhərlər” protokoluna əsasən nümayəndə heyətlərinin qarşılıqlı səfərləri davam edir.
AZƏRTAC xəbər verir ki, İto şəhərindən növbəti nümayəndə heyəti İsmayıllıya gəlib. Yapon qonaqlar - müəllim İnaba Naokadan, yuxarı sinif şagirdi Suzuki Takeshidən, universitet tələbəsi Umehara Taigadan mehribanlıqla qarşılanıblar. Qonaqlar əvvəlcə İ.Həsənov adına İsmayıllı şəhər 1 saylı tam orta məktəbinə gəlib, təşkil edilən sərgi ilə, habelə kitabxana və məktəbin tarix muzeyi ilə tanış olublar.
Məktəbdə şagirdlər tərəfindən qonaqların şərəfinə hazırlanan musiqili əbədi-bədii proqram nümayiş etdirilib. Həm yapon, həm də Azərbaycan dilində təqdim olunan bir-birindən maraqlı nömrələr qonaqlarda xoş təəssürat yaradıb.
Daha sonra qonaqlar Uşaq Yaradıcılıq Mərkəzində, Heydər Əliyev Parkında, habelə dostluq şərəfinə yaradılan “Yapon bağı”ında olublar.
Ertəsi gün qonaqlar Heydər Əliyev Mərkəzində şəhər 2 saylı körpələr evi-uşaq bağçasının hazırladığı şən musiqi sədaları ilə qarşılanıblar. Onlar Mərkəzdə yaradılan dərnəklərlə tanış olub, sərgiyə baxıblar.
Yapon qonaqlar avqustun 25-dək şəhər bir saylı tam orta məktəbin şagirdi Suğra Ağamalıyeva və Mehin Əkbərlinin evində qonaq olacaqlar.