SİYASƏT


Yaponiyanın JIJI PRESS agentliyi Azərbaycanın uğurlarına həsr olunan məqalə yayıb VİDEO

A+ A

Tokio, 19 noyabr, AZƏRTAC

Yaponiyanın nüfuzlu JIJI PRESS informasiya agentliyi Azərbaycan haqqında növbəti məqalə yayıb. Məqalənin müəllifi, agentliyin beynəlxalq xəbərlər şöbəsinin baş redaktoru Okuyama Masaşi sentyabrın 21-dən 30-dək Azərbaycanda səfərdə olub, V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etməklə yanaşı, ölkəmiz haqqında silsilə məqalələr hazırlayıb.

Noyabrın 18-də JIJI PRESS-in yaydığı növbəti məqalədə dövlət müstəqilliyinin bərpasının 25 illiyini qeyd edən Azərbaycanın ötən dövrdə qazandığı uğurlardan danışılır. Məqalədə Azərbaycanın əlverişli coğrafi mövqeyi, zəngin neft-qaz yataqları, beynəlxalq layihələrdən əldə edilən gəlirlərin ölkənin dinamik inkişafına yönəldilməsi, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində ata-baba yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin həyatı barədə məlumatlar öz əksini tapır. Yazıda, həmçinin ölkəmizin turizm potensialı haqda məlumatlara geniş yer verilib.

XIX əsrin ortalarında sənaye üsulu ilə ilk neft hasilatının məhz Azərbaycanda başladığını qeyd edən müəllif Nobel qardaşlarının və Rotşildin Bakıda neft biznesini qurmalarından bəhs edir. Müstəqilliyin bərpasından sonra ümummilli lider Heydər Əliyevin hazırladığı neft strategiyası, “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan neftin hasilatı üçün yaradılan beynəlxalq konsorsium haqqında məlumatlar da məqalədə yer alıb. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, TAP və TANAP layihələri barədə məlumat verən müəllif Azərbaycanın iqtisadi nailiyyətlərindən ətraflı söz açır. Bildirir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan uğurlar nəticəsində son 15 ildə yoxsulluq dərəcəsi 49 faizdən 4 faizə enib.

2014-cü ildən etibarən dünya bazarlarında neftin qiymətinin aşağı düşməsinin ölkə iqtisadiyyatına mənfi təsirinə toxunan O.Masaşi hazırda neftdən asılılığın azaldılması üçün Azərbaycan hökuməti tərəfindən həyata keçirilən layihələr barədə məlumat verir. O, həmçinin qeyri-neft sektorunun inkişafı, nəqliyyat infrastrukturunun yenidən qurulması, kənd təsərrüfatının, turizmin inkişafı ilə bağlı görülən işlər haqqında yazır. Qeyd edir ki, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin qovuşuğunda yerləşməsi Azərbaycanın rolunu xeyli artırıb. Məqalədə Bakı-Tbilisi-Qars dəmir yolu, Şimal-Cənub nəqliyyat dəhlizinin inşası ilə bağlı yapon oxuculara geniş məlumat verilir.

Bundan başqa, məqalədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkünə çevrilməsi haqqında məlumat da diqqətə çatdırılır. Bakıda və ətraf qəsəbələrdə müvəqqəti məskunlaşan həmin insanlarla görüşən O.Masaşi onların hazırkı həyat şəraitini əks etdirməklə yanaşı, artıq 25 ildən çoxdur davam edən münaqişə barədə də ətraflı məlumat verir. Bildirir ki, xarici havadarlarının dəstəyinə arxalanan Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayır. BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının qeyd-şərtsiz boşaldılması, qaçqın və məcburi köçkünlərin evlərinə qaytarılması barədə dörd qətnaməsinə baxmayaraq, Ermənistan həmin torpaqları işğal altında saxlamaqda davam edir.

Cari ilin aprel döyüşləri barədə məlumat verən müəllif bildirir ki, Azərbaycan Ordusunun cavab tədbirləri nəticəsində iki min hektar ərazi düşməndən azad edilib.

Müəllif məqalədə Azərbaycanın turizm potensialı haqqında geniş məlumatları da oxucuların diqqətinə çatdırır. Yapon turistlər üçün Azərbaycana səfər etməyin çox rahat olduğu, vizaların rüsumsuz şəkildə Bakı Beynəlxalq Hava Limanında rəsmiləşdirilməsinin 2015-2016-cı illərdə Azərbaycana xarici turistlərin, xüsusən də Yaxın Şərq ölkələri vətəndaşlarının axınına şərait yaratdığı, yalnız Bakıda deyil, Azərbaycanın digər şəhərlərində də görməli yerlərin olduğu qeyd edilir. Bildirilir ki, Azərbaycan yalnız tarixi abidələri, müasir tikililəri ilə deyil, həm də insanların mehribanlığı, qonaqpərvərliyi ilə diqqəti cəlb edir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.