MƏDƏNİYYƏT
Yaponiyanın JIJI PRESS agentliyinin icraçı direktoru Qobustan Milli Tarix-Bədii Qoruğunda olub
Bakı, 17 aprel, AZƏRTAC
Yaponiyanın JIJI PRESS agentliyinin icraçı direktoru Sadafumi Tani və beynəlxalq əlaqələr şöbəsinin müdiri Hiroşi Masuda aprelin 17-də Qobustan Milli Tarix-Bədii Qoruğunda olublar.
Yaponiyalı qonaqlar qoruğun ərazisində inşa edilmiş muzeylə tanış olublar. Məlumat verilib ki, muzey 2011-ci ildə Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə açılıb. Bildirilib ki, muzeyin sərgi zalı müxtəlif bölmələrdən təşkil olunub. Hər bir bölmədə divarlara Qobustan qayaları haqqında məlumat verən xüsusi monitorlar quraşdırılıb. Döşəmələrə və divarlara qədim insanların məşğuliyyətini və həyat tərzini əks etdirən işıq şüalarından ibarət təsvirlər salınıb.
Sonra qonaqlar qoruğun ərazisindəki qədim musiqi aləti olan qavaldaş, Anazağa, Öküzlər və Ovçular mağaraları, o cümlədən qayaların üzərindəki petroqliflərlə tanış olublar.
Azərbaycan ərazisində arxeoloji abidələr kompleksinin mühafizə edildiyi Qobustan Milli Tarix-Bədii Qoruğu ilə tanışlıq yaponiyalı jurnalistlərdə böyük maraq doğurub.