DÜNYA
Yaponiyanın Miyako adasına güclü tufan yaxınlaşır VİDEO
Tokio, 8 iyul (AZƏRTAC). Güclü “Neoquri” tufanı Yaponiyanın ən cənub prefekturası olan Okinavanın Miyako adasının şimalına yaxınlaşmaqdadır.
Yaponiya Meteorologiya İdarəsinin verdiyi məlumata görə bu, son bir neçə on ilin ən güclü tufanıdır. Bildirilir ki, iyulun 8-də günorta saatlarında ərazidə atmosfer təzyiqi 935 hektopaskala bərabər olmuşdur. Tufanın mərkəzində küləyin sürəti saniyədə 70 metrə çatır.
İdarənin Miyako adasının və Okinava prefekturasının digər rayonlarının əhalisi üçün dərc etdiyi xəbərdarlıqda güclü küləyin və dənizdə hündürlüyü 14 metrə çatan böyük dalğaların gözlənildiyi bildirilir.
Sinoptiklər əhalini güclü külək, hündür dalğalar və leysan yağışlara qarşı tam ehtiyatlı olmağa çağırırlar.
Okinava prefekturasının on yaşayış məntəqəsinin inzibati orqanları 500 minədək sakinə təxliyə olunmağı tövsiyə etmişlər.
Aviaşirkətlər Okinava adasına və oradan uçuşları təxirə salmışlar. Dəniz nəqliyyatının hərəkəti də dayandırılmışdır.
Prefekturadakı bütün məktəblər və uşaq bağçaları bağlanmışdır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio