SİYASƏT
Yaponiyanın NTV kanalında Azərbaycan haqqında növbəti veriliş yayımlanıb VİDEO
Tokio, 23 may, AZƏRTAC
Yaponiyanın NTV televiziya kanalında Azərbaycan haqqında növbəti veriliş yayımlanıb. Mayın əvvəllərində Bakıda Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının illik toplantısına qatılmaq üçün Azərbaycana səfər edən televiziyanın əməkdaşları, eyni zamanda, fürsətdən istifadə edərək paytaxt Bakı, burada həyata keçirilən böyük layihələr, yapon dilinin tədrisi haqqında da tamaşaçılara məlumat veriblər.
Verilişdə AİB-in illik toplantısının yüksək səviyyədə təşkil olunduğunu vurğulayan müəlliflər, eyni zamanda, Bakının qədimliyi və gözəlliyi barədə də yapon tamaşaçıları məlumatlandırıblar. Qeyd olunub ki, burada ilkin orta əsrlərdən qalan qədim tikililərlə yanaşı, Heydər Əliyev Mərkəzi və “Alov qüllələri” kimi müasir binalar da var. Azərbaycanın sürətlə inkişaf etdiyini vurğulayan müəlliflər bunun əsasında ölkə rəhbərliyinin təbii sərvətlərdən bacarıqla istifadəsinin dayandığını bildirirlər.
Azərbaycan Dillər Universitetində fəaliyyət göstərən Yaponiya mərkəzi haqqında məlumat verən müəlliflər respublikamızda bu Gündoğar ölkəyə böyük marağın şahidi olduqlarını vurğulayıblar. Azərbaycan rəhbərliyinin təhsilə, insan resurslarının inkişafına prioritet məsələ kimi yanaşdığı xüsusi qeyd edilib. Universitetin yapon dili müəllimi Yaşar İbrahimovdan və tələbələrdən müsahibə alan çəkiliş qrupunun üzvləri məhz bu gənclərin gələcəkdə iki ölkə arasında münasibətlərin inkişafına xüsusi töhfələr verəcəklərinə əmin olduqlarını bildirirlər.
Sonda qeyd edilib ki, bu cür inkişaf xəttinin, yüksək təhsilə və bacarığa malik mütəxəssislərin olması sübut edir ki, Azərbaycan-Yaponiya münasibətləri bundan sonra daha sürətlə inkişaf edəcək.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio