DÜNYA
Yaponiyanın Nazirlər Kabineti terrorizmə qarşı qanun layihəsini bəyənib
Tokio, 22 mart, AZƏRTAC
Yaponiya hökuməti terror aktlarının hazırlanmasına və digər ağır cinayətlərə qarşı cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini parlamentin müzakirəsinə təqdim etməyi planlaşdırır. Martın 21-də Nazirlər Kabineti mütəşəkkil cinayətkarlığa qarşı qanunvericiliyə düzəlişləri bəyənib.
Bu qanun layihəsi ciddi hücumların planlaşdırılması ilə məşğul olan terror təşkilatlarına və digər cinayətkar qruplara qarşı yönəlib.
Əgər qrupun üzvlərindən biri cinayətin hazırlanması məqsədilə pul yığmağa, müəyyən əmtəələr almağa və ya hər hansı addımı atmağa başladıqda o qrupun bütün üzvləri məsuliyyətə cəlb olunacaqlar.
Düzəlişlər mütəşəkkil qətl, adam oğurlama və narkotiklərlə əlaqədar cinayətlərə hazırlıq daxil olmaqla 227 cinayət növünü əhatə edəcək.
Cinayətin hazırlığı ilə məşğul olanlar beş il müddətinə azadlıqdan məhrum ediləcəklər. Həmin cinayətləri həyata keçirənləri isə ya ölüm hökmü, ya da 10 il və ya daha yuxarı müddətə həbs gözləyəcək.
Bu qanun layihəsi mütəşəkkil cinayətkarlıq barədə razılaşma ilə əlaqədar hazırlanmış və parlament tərəfindən üç dəfə qaytarılmış əvvəlki düzəlişlərin təkmilləşdirilmiş variantıdır.
Hökumətin bildirdiyinə görə, Tokioda keçiriləcək Olimpiya Oyunları ilə əlaqədar terror aktlarının qarşısını almaq üçün həmin qanun layihəsinin qəbulu zəruridir. Digər tərəfdən, bu düzəlişlər Yaponiyaya BMT-nin transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını ratifikasiya etmək və bu sahədə digər ölkələrlə əməkdaşlıq üçün imkan yaradacaq.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio