MƏDƏNİYYƏT
Yaponiyanın “Niki Kitchen” veb-saytında Azərbaycan mətbəxindən bəhs edən məqalə yerləşdirilmişdir VİDEO
Tokio, 18 noyabr (AZƏRTAC). Yaponiyanın dünya xalqlarının mətbəx mədəniyyətindən bəhs edən “Niki Kitchen” veb-saytında Azərbaycanın zəngin mətbəxi haqqında məqalə yerləşdirilmişdir.
Məqalənin müəllifi xanım Tanase Naoko Azərbaycan haqqında ilk dəfə bir cizgi filmində eşitdiyini və sonradan bu ölkə ilə yaxından maraqlandığını yazır. Belə ki, həmin cizgi filmindəki qəhrəmanlar və onların milli geyimləri, Xəzər dənizi ətrafında yaşayan azərbaycanlılar öz adət-ənənələri ilə onun diqqətini özünə çəkmişdir.
Hazırda Tokioda yaşayan Sura Mirzəyeva ilə təsadüfi tanışlıq isə ona Azərbaycanı daha yaxından tanımağa imkan yaratmışdır. Diplomatın həyat yoldaşı olan Sura xanım Naokonu evlərinə dəvət etmiş və o, burada Azərbaycanın qeyri-adi mətbəxi ilə tanış olmuşdur.
Müəllif məqalədə Azərbaycanın coğrafi mövqeyi haqqında məlumat verərək onun Qafqazın ən inkişaf etmiş ölkəsi olduğunu vurğulamış, gözəl təbiəti, mehriban və qonaqpərvər insanlar ilə seçildiyini qeyd etmişdir.
Sura xanımın hazırladığı milli yeməklərlə tanış olan xanım Naoko onların özünəməxsus, dadlı tamı, hazırlama qaydaları, bu zaman istifadə edilən bitki və tərəvəzlər haqqında da oxuculara məlumat vermişdir. Azərbaycan şirniyyatlardan söz açan müəllif qoz və badımcan mürəbbələrinin onun xüsusi marağına səbəb olduğunu söyləmiş və qeyd etmişdir ki, bu meyvə və tərəvəzdən Yaponiyada şirniyyat hazırlanması təcrübəsi yoxdur.
Məqalədə oxuculara Azərbaycanın milli geyimləri haqqında da məlumat verilmiş, bununla bağlı fotolar yerləşdirilmişdir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio