DÜNYA
Yaponiyanın “TEPKO” elektrik enerjisi şirkətinin sabiq korporativ rəhbərləri məhkəmə qarşısında cavab verəcəklər
Tokio, 31 iyul, AZƏRTAC
Yaponiyanın “Tokyo Electric Power Co.” (TEPKO) elektrik enerjisi şirkətinin üç sabiq korporativ rəhbəri 2011-ci ilin martında “Fukusima-1” atom elektrik stansiyasında baş vermiş nüvə qəzasına görə məhkəməyə cəlb olunacaq.
Yaponiya tarixində baş vermiş ən böyük nüvə qəzasına görə indiyədək heç kim cinayət məsuliyyətinə cəlb olunmayıb.
Prokurorluğun təsadüfən seçilmiş vətəndaşlardan təşkil edilmiş iclasçılardan ibarət münsiflər heyəti ittihamı rədd edən prokurorlarla ikinci dəfə razılaşmayaraq iyulun 31-də “TEPKO” şirkətinin rəsmi nümayəndələrinin məhkəməyə cəlb edilməsinə səs veriblər. Prokurorların rəyinə görə, şirkətin rəsmi nümayəndələri martın 11-də baş vermiş güclü zəlzələni və sunamini əvvəlcədən görə bilməzdilər.
İnsanların həlak olması və zədə alması ilə nəticələnmiş peşəkar səhlənkarlığa görə “TEPKO” şirkətinin sabiq rəhbəri Tsunehisa Katsumata, həmçinin sabiq vitse-prezidentlər Sakae Muto və İçiro Takekuroya qarşı cinayət işi qaldırılacaq.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio