DÜNYA
Yaponiyanın Taçikava şəhərində şagirdlərin kütləvi zəhərlənməsi qeydə alınıb
Tokio, 19 fevral, AZƏRTAC
NHK telekanalının yaydığı məlumata əsasən, Tokionun qərbində yerləşən Taçikava şəhərinin səkkiz məktəbində şagirdlərin kütləvi zəhərlənməsi qeydə alınıb.
Məlumatda qeyd edilir ki, fevralın 17-də axşamdan başlayaraq şagirdlər qarınağrısından və ürəkbulanmadan şikayət ediblər. TBS telekanalı da həmin şəhərdə 500-dən çox şagirdin zəhərlənməsi barədə məlumat yayıb. Həmin məktəblilərdən beşi xəstəxanaya yerləşdirilib.
Şagirdlərin Taçikava şəhərində yerləşən ərzaq kombinatında hazırlanan nahardan zəhərləndikləri güman olunur. Fevralın 17-də həmin kombinatda 3 min məktəbli üçün nahar hazırlandığı bildirilir. Hazırda kombinatda sanitar yoxlama aparılır və onun fəaliyyəti fevralın 24-dək dayandırılıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio