MƏDƏNİYYƏT
Yaponiyanın “Va-Liqa” musiqi qrupu Bakıda növbəti dəfə çıxış edib
Bakı, 29 iyun, AZƏRTAC
İyunun 29-da Xətai rayonundakı Heydər Əliyev Parkının ərazisində yerləşən “Yapon bağı”nda Yaponiyanın “Va-Liqa” musiqi qrupu möhtəşəm konsert proqramı ilə çıxış edib.
AZƏRTAC xəbər verir ki, konsert Yaponiyanın Azərbaycandakı səfirliyi və Xətai Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə gerçəkləşib.
Yaponiyanın ölkəmizdəki səfiri Teruyuki Katori və Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov konsertin əhəmiyyətindən söz açıblar. Son illər Azərbaycan ilə Yaponiya arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışan natiqlər sözügedən konsert proqramının bu qəbildən olduğunu söyləyiblər.
Vurğulanıb ki, hər iki dövlət bir-biri ilə mövcud əlaqələrinin daha da genişlənməsində maraqlıdır və belə tədbirlər mədəni münasibətlərin daha da möhkəmlənməsinə öz töhfəsini verir.
Qeyd olunub ki, yaponiyalı prodüser Takaku Terutoşinin rəhbərliyi ilə təqdim edilən konsert ölkənin mədəniyyətini təbliğ etməklə yanaşı, həm də xalqlar arasında qarşılıqlı mədəni əlaqələrin inkişafı və dərinləşdirməkdə olan dostluq münasibətlərinin bəhrəsidir.
Paytaxt sakinləri ilə yanaşı, xarici ölkə vətəndaşlarının da qatıldığı konsertdə ənənəvi Azərbaycan musiqisi ilə yapon musiqisinin sintez ifaları təqdim edilib. Eyni zamanda, yapon döyüş sənəti olan “aikido” və “kendo”nun nümayişi qonaqlara tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, “Va-Liqa” Yaponiyanın ənənəvi incəsənəti ilə məşğul olan prodüser Takaku Terutoşinin rəhbərliyi ilə çıxış edən incəsənət qrupudur. Azərbaycanda dördüncü dəfə qonaq olan qrup artıq 53 ölkədə konsert proqramları ilə çıxış edib.