İQTİSADİYYAT
Yaponiyanın “WorldInvestors TV” internet televiziyasında Azərbaycanda biznes fəaliyyətinin qurulmasından danışılıb VİDEO
Tokio, 3 fevral, AZƏRTAC
Yaponiyanın “WorldInvestors TV” internet televiziyasının fevralın 2-də ekranlara çıxmış yeni verilişi Azərbaycanda biznes fəaliyyətinin qurulmasına həsr olunub.
Verilişin aparıcıları “WorldInvestors TV” internet televiziyasının prodüseri Kazuyasu İşida və xanım Hiroko Ueyma son illər sürətli inkişafı ilə diqqəti cəlb edən Azərbaycana yapon iş adamları arasında marağın xeyli artdığını bildiriblər. Ölkəmizin iqtisadiyyatı, aparıcı sahələr, makroiqtisadi göstəricilər və son illər müşahidə olunan dinamik inkişaf barədə tamaşaçılara ətraflı məlumat verilib. Azərbaycana sərmayə qoyuluşu üçün əlverişli investisiya mühitinin mövcud olduğu, bu məqsədlə bütün zəruri qanunverici sənədlərin qəbul edildiyi bildirilib.
Qeyd olunub ki, Yaponiyanın həm dövlət qurumları, həm də özəl şirkətləri dinamik inkişafı ilə seçilən bu Qafqaz ölkəsi ilə əməkdaşlığı genişləndirməyə çalışırlar. Martın 4-dən 7-dək yapon iş adamlarından ibarət böyük bir qrupun Azərbaycana işgüzar səfərə hazırlaşdığı tamaşaçıların diqqətinə çatdırılıb. Bildirilib ki, budəfəki verilişin məqsədi Azərbaycanda biznes fəaliyyətinin qurulması barədə tamaşaçıları ətraflı məlumatlandırmaqdır.
Verilişdə iştirak edən iqtisadçı-ekspert Masayuki Tanabe bildirib ki, əlverişli biznes mühitinin yaradılması istiqamətində Azərbaycan son illərdə mühüm irəliləyişə nail olub və bir çox inkişaf etməkdə olan ölkələri belə qabaqlayıb. Kazuyasu İşidanın ötən ilin sonlarında çapdan çıxmış “Yaponların tanımadığı sürətlə inkişaf edən ölkə - Azərbaycan” bələdçi kitabı haqqında məlumat verən M.Tanabe qeyd edib ki, həmin kitabın IV bölməsində qanunvericilik sahəsində islahatlar, kiçik və orta sahibkarlığın inkişafına dövlət dəstəyi və xarici investorlar üçün sadələşdirilmiş prosedurlar haqqında məlumat verilir, “Vahid pəncərə” sisteminin tətbiqinin sahibkarlığın təşviqində əhəmiyyətli rolu qeyd olunur. Burada Azərbaycanda sahibkarlıq fəaliyyətinin qurulması, vergi sistemi, digər hüquqi prosedurlar barədə məlumatlara da geniş yer ayrılıb. Vurğulanıb ki, hazırda Azərbaycan investisiyaların qoyuluşu, biznes fəaliyyətinin təşkili nöqteyi-nəzərindən dünyanın ən əlverişli ölkələrindən biridir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio