İQTİSADİYYAT
Yaponiyanın “World Investers TV” internet televiziyasında Azərbaycana həsr edilmiş veriliş yayımlanmışdır VİDEO
Tokio, 12 noyabr (AZƏRTAC). Yaponiyanın “World Investers TV” internet televiziyasında Azərbaycana həsr edilmiş növbəti veriliş yayımlanmışdır. Verilişdə bir qrup Yaponiya iş adamının noyabrın əvvəllərində Azərbaycana səfərindən də bəhs olunmuşdur.
Tanınmış iqtisadçı ekspert Kazuyasu İşida aparıcının suallarını cavablandıraraq, 22 il bundan əvvəl müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası, onun coğrafi mövqeyi, güclü iqtisadi potensialı barədə məlumat vermişdir. Azərbaycanın son on ildə böyük zirvələr fəth etdiyini vurğulayan ekspert ölkəmizin bir sıra nəhəng, beynəlxalq səviyyəli layihələrə imza atdığını və hazırda dünyanın ən hündür televiziya qülləsini inşa etmək iddiasında olduğunu bildirmişdir.
Azərbaycanın coğrafi mövqeyi haqqında danışan K.İşida Xəzər dənizinin Azərbaycan sektorundakı zəngin neft və qaz yataqlarından söhbət açmışdır. Bundan əlavə, Qafqaz dağlarının gözəlliyindən və Azərbaycanın münbit torpaqlarından bəhs olunmuş, ölkəmizin yüksək səviyyədə inkişaf etmiş mədən sənayesinə malik olduğu diqqətə çatdırılmışdır.
Verilişdə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, TANAP və TAP layihələri barədə yapon tamaşaçılara geniş məlumat çatdırılmışdır. Qeyd edilmişdir ki, hazırda Qazaxıstan da BTC-dən bəhrələnir və bu neft kəməri Avropa üçün vacib enerji dəhlizidir.
Layihənin ərsəyə gəlməsində ümummilli lider Heydər Əliyevin rolundan danışan K.İşida demişdir ki, neftin ixracından əldə edilən gəlirlər Azərbaycanın tərəqqisinə yönəldilmişdir. Vurğulanmışdır ki, Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi son on ildə ümumi daxili məhsulun həcmi dəfələrlə artmışdır və bu, 185 ölkə arasında 18-ci yeri tutan Azərbaycanın sürətli inkişafını təsdiqləyən mühüm faktdır.
Azərbaycanda yaşayan çoxsaylı milli azlıqların dillərinin və mədəniyyətinin qorunmasına xüsusi diqqət yetirildiyini qeyd edən K.İşida Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunmuş, bu ərazilərin tarixən Azərbaycana məxsus olduğunu və Ermənistan tərəfindən işğal edildiyini diqqətə çatdırmışdır.
Azərbaycanı Birləşmiş Ərəb Əmirlikləri, Bakını isə Dubay ilə müqayisə edən ekspert burada icra edilən nəhəng layihələrdən - “Khazar İslands”, “Baku White City”, Heydər Əliyev adına hava limanının yeni terminalının tikintisindən, Heydər Əliyev Mərkəzindən, Bakı bulvarının genişləndirilməsi və Bakı Metropoliteninin yeni xətlərinin çəkilməsi işlərindən söz açmışdır. İqtisadiyyatın şaxələndirilməsi istiqamətində də böyük layihələrin həyata keçirildiyini vurğulayan K.İşida ölkədə yapon şirkətləri ilə əməkdaşlığa böyük maraq olduğunu qeyd etmişdir.
Yapon iş adamlarının Bakıya səfəri çərçivəsində İxracın və İnvestisiyaların Təşviqi Fondunda və Dövlət Neft Şirkətində keçirdiyi görüşlər barədə məlumat verən K.İşida səfərə yerli mətbuat tərəfindən böyük maraq göstərildiyini bildirmişdir. Bu görüşlərin Azərbaycan Dövlət Teleqraf Agentliyi (AZƏRTAC) tərəfindən geniş işıqlandırıldığı xüsusi vurğulanmışdır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio