DÜNYA
Yaponiyanın cənub-qərbində itkin düşənlərin axtarışları davam etdirilir
Tokio, 12 iyul, AZƏRTAC
Yaponiya özünümüdafiə qüvvələrinin, polisin və yanğınsöndürmə dəstəsinin iki mindən çox əməkdaşı ölkənin cənubunda leysan yağışlar və torpaq sürüşmələri nəticəsində itkin düşmüş 22 nəfərin axtarışlarını davam etdirirlər. Bu barədə NTN (Nippon Television Network) telekanalı məlumat yayıb.
Xilasedicilər zəncir şəklində hərəkət edərək lil və su ilə dolmuş yaşayış məhəllələrində axtarışları davam etdirirlər.
Xəbər verdiyimiz kimi, ölkənin cənub-qərbində yerləşən Kyuşu adasında keçən həftənin əvvəlindən başlanan leysan yağışlar çoxsaylı daşqınlara və torpaq sürüşmələrinə səbəb olub. Təbii fəlakət nəticəsində evlər, yollar və dəmir yolu körpüləri dağılıb. Yalnız ilk sutkalar ərzində düşən yağıntılar iyul üçün aylıq normadan artıq olub.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio