DÜNYA
Yaponiyanın dəmir yolu stansiyası yaxınlığında tapılan şübhəli əşyalar araşdırılır
Tokio, 25 may, AZƏRTAC
Yaponiyanın Saytama prefekturasının hüquq-mühafizə orqanları və istehkamçılar qrupu Hiqaşi-Hanno stansiyası yaxınlığında tapılan və əl qumbarasına oxşayan dörd ədəd şübhəli əşyanın araşdırılması ilə məşğuldur.
NHK telekanalının yaydığı məlumata görə, şübhəli əşyalar barədə polisə ilk zəng səhər saat 7:30 dəqiqədə daxil olub. Zəng edən bildirib ki, o, əl qumbarasına bənzəyən iki əşya aşkar edib.
Hadisə yerinə gələn istehkamçılar həmin əşyaları yaxınlıqdakı parka apararaq onları araşdırmağa başlayıblar. Hər iki əşyanın silindir formasında və 30 santimetr uzunluğunda olduğu bildirilir.
Bundan bir neçə saat sonra ərazini təhqiq edən hüquq-mühafizə orqanlarının əməkdaşları əl qumbarasına bənzəyən daha iki əşya aşkar ediblər. Onlardan biri silindir, digəri isə ananas formasındadır. Həmin əşyalar da təhqiqat üçün istehkamçılara verilib.
Hadisə nəticəsində Haçiko-İkebukuro istiqamətində qatarların hərəkətinin müvəqqəti dayandırıldığı bildirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio