DÜNYA
Yaponiyanın hakim LDP və Komey partiyaları hökumətdə dəyişiklikləri sürətləndirmək niyyətindədirlər
Tokio, 24 iyul, AZƏRTAC
Yaponiyanın hakim Liberal Demokratik Partiyası (LDP) və onun koalisiya tərəfdaşı olan Komey Partiyası Senday merinin seçkilərində məğlubiyyətdən sonra Nazirlər Kabinetinin tərkibində dəyişiklikləri tezliklə həyata keçirməyi planlaşdırırlar.
İyulun 23-də Senday şəhəri merinin seçkilərində parlamentin müxalifətin dəstəklədiyi aşağı palatasının deputatı LDP və Komey partiyalarının irəli sürdükləri namizəd üzərində qələbə qazanıb. Bu, cari ayda Tokio assambleyasına keçirilən seçkilərdə Baş nazir Şinzo Abenin rəhbərlik etdiyi LDP-nin böyük məğlubiyyətindən sonra hakim və müxalifət bloklarının qarşılaşdığı ilk seçkilər idi.
Son dövrlər hökumət nümayəndələrinin iştirakı ilə baş verən bir sıra qalmaqallar onun reytinqinin kəskin düşməsi ilə müşahidə olunub.
LDP-nin seçki strategiyası ilə məşğul olan hakim partiyanın nümayəndəsi Keyzi Furuyanın rəyinə əsasən, son məğlubiyyətin əsas amillərindən biri cəmiyyətin hökumətdən narazılığıdır. Bunu son zamanlar keçirilən sosial sorğuların nəticələri də təsdiq edir.
LDP və Komey partiyaları hökumətin tərkibində avqustun əvvəllərinə gözlənilən dəyişikliklər yolu ilə seçicilərin etibarını yenidən qazanmağa çalışırlar. Bununla yanaşı, cari ilin oktyabrında parlamentin aşağı palatasına əlavə seçkilər gözlənilir və bu şəraitdə hökumətin tərkibində dəyişikliklər qaçılmazdır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio