DÜNYA


Yaponiyanın hakim partiyası müdafiə xərclərini artırmağı təklif edir

Tokio, 17 iyun, AZƏRTAC 

Yaponiyanın hakim Liberal Demokratik Partiyası (LDP) NATO ölkələrində müdafiə xərclərinin ümumi daxili məhsulun 2 faizini təşkil etməsi barədə tövsiyəni nəzərə alaraq həmin xərcləri artırmağı təklif edir. Bu barədə NHK telekanalı LDP-nin təhlükəsizlik məsələləri komitəsi tərəfindən hazırlanaraq hökumətə təklif edilən sənədin layihəsinə istinadla məlumat yayıb.

Sənəddə qeyd edilir ki, Şimali Koreya tərəfindən təhlükə yeni həddə çatıb və Çinin dənizdə artan fəallığı da narahatlıq doğurur. Mütəxəssislər təklif edirlər ki, təhlükəsizlik üçün lazım olan bütün avadanlığın təhlilindən sonra onun əsasında NATO-nun çalışdığı ümumi daxili məhsulun 2 faizlik həddi nəzərə alınaraq son qiymətləndirmə aparılsın.

Eyni zamanda, LDP-nin komitəsi Yaponiyanın özünə məxsus, əvvəlcədən xəbərdarlıq edən süni peyk sisteminin yaradılması məsələsinin də müzakirə edilməsini istəyir. Bundan əlavə, layihədə özünümüdafiə qüvvələrinin kiberhücumlara qarşı imkanlarını genişləndirmək də nəzərdə tutulur. Yapon KİV-lərində yayılan məlumata görə, LDP-nin təhlükəsizlik komitəsi baş verə biləcək qarşıdurma zamanı potensial düşmənin bazalarına zərbə endirmək üçün qanadlı raketlərin alınmasını və ölkənin raketdən müdafiə sisteminin gücləndirilməsini də təklif edir.

II Dünya müharibəsindən sonra Tokionun üzərinə götürdüyü öhdəliklərə görə, Yaponiya hücum silahlarına malik ola bilməz. Lakin mütəxəssislər qeyd edirlər ki, düşmənin bazalarına zərbə endirmək üçün vasitələr dəqiq hücum təhlükəsi yarandığı halda özünümüdafiənin təşkili üçün vasitəyə də çevrilə bilər.

Yaponiya hökuməti 2017-ci maliyyə ili (2017-ci ili aprelindən 2018-ci ilin martınadək) üçün müdafiə xərclərinin 1,4 faiz artırılaraq 5,13 trilyon yen (təqribən 44 milyard dollar) təşkil etməsini nəzərdə tutur ki, bu da ümumi daxili məhsulun 1 faizinə bərabərdir. Hökumət bu vəsaitin əsas hissəsini dəniz piyadalarına bənzər hərbi hissələrin yaradılmasına və Şimali Koreya ilə Çinin qarşısını almaq üçün əlavə tədbirlərə sərf edir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.