DÜNYA
Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri istefa verib
Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri xanım Yuko Obuçi tutduğu vəzifədən istefa verməsi barədə ərizəni Baş nazir Şinzo Abeyə təqdim edib. Ş.Abe oktyabrın 20-də Y.Obuçi ilə keçirilən görüşdə onun istefasını qəbul edib.
İstefaya səbəb Y.Obuçinin tərəfdarlarının təşkil etdiyi təbliğat tədbirlərindən ikisində mədaxil ilə məxaric arasında böyük fərqin aşkarlanması olub.
Y.Obuçi əvvəlcə daxili araşdırmanın nəticələrini dərc edərək baş verənlərə aydınlıq gətirmək istəsə də, bunun cəmiyyət tərəfindən düzgün qəbul edilməyəcəyini düşünərək istefa ərizəsini Baş nazirə təqdim edib.
Y.Obuçi Ş.Abenin kabinetində 2012-ci ilin dekabrında o, ikinci dəfə Baş nazir seçildikdən sonra istefaya gedən ilk nazirdir. Y.Obuçi qadınların cəmiyyətdə rolunun artırılması ilə əlaqədar Baş nazirin yürütdüyü siyasətin simvolu kimi qəbul olunurdu.
Siyasi şərhçilərin rəyinə görə, onun istefası Ş.Abe administrasiyasına mənfi təsir göstərə bilər.
Xanım Y.Obuçinin Qumma prefekturası seçki dairəsindəki tərəfdarları onun nazir vəzifəsindən istefasını təəssüflə qarşılayıblar.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio