DÜNYA
Yaponiyanın mərkəzi hissəsində 5,6 bal gücündə zəlzələ olub
Tokio, 25 iyun, AZƏRTAC
İyunun 25-də yerli vaxtla səhər saat 7:00 radələrində Yaponiyanın mərkəzi hissəsində 5,6 bal gücündə zəlzələ baş verib. Bu barədə NHK telekanalı Yaponiya Meteorologiya Agentliyinə istinadla məlumat yayıb.
Yeraltı təkanlar Naqano prefekturasının cənubunda qeydə alınıb. Telekanal Kişo şəhərində avtosalonun sınmış şüşələrini nümayiş etdirib. Polisin məlumatında isə, bəzi sakinlərin zəlzələ nəticəsində kiçik xəsarətlər alması barədə xəbərlərin daxil olduğu bildirilir.
Yeraltı təkanların episentrinə yaxın ərazilərdə elektrik enerjisinin və suyun kəsildiyi, evlərin damında cüzi zərərin müşahidə olunduğu xəbər verilir.
“Takahama” atom elektrik stansiyasının (AES) operatoru “Kansai Electric Power Co.” şirkəti isə AES-dəki reaktorların işində qayda pozuntusunun qeydə alınmadığını bildirib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio