DÜNYA
Yaponiyanın mərkəzi hissəsinə yaxınlaşan “Mindul” tufanı ciddi fəsadlara səbəb olub
Tokio, 22 avqust, AZƏRTAC
Avqustun 22-də Yaponiyanın mərkəzi hissəsinə yaxınlaşan “Mindul” tufanı ciddi fəsadlara səbəb olub. NHK televiziya kanalının verdiyi məlumata görə, leysan yağışlar nəticəsində yarana biləcək torpaq sürüşmələri səbəbindən Tokionun yaxınlığında yerləşən Kavasaki şəhərindən 34 min nəfər təxliyyə olunub.
Tufan nəticəsində çaylarda suyun səviyyəsi artıb, qatar və təyyarə reysləri təxirə salınıb, evlərə elektrik enerjisinin verilişi dayandırılıb və məktəblərdə dərslər təxirə salınıb.
Televiziya kanallarının verdiyi məlumatda bildirilir ki, aviaşirkətlər 425 reysi təxirə salmağa məcbur olublar, sürətli “Şinkansen” qatarlarının hərəkəti dayandırılıb.
Kyodo agentliyinin məlumatına əsasən, nəqliyyat problemi Tokio ətrafında və Şizuoka prefekturasında 49 min sakinin hərəkətinə imkan verməyib. Həmin prefekturanın Haşicyo adasında avqust ayı üçün rekord həddə yağıntı qeydə alınıb, küləyin sürəti saatda 183 kilometrə çatıb.
Tokionun şimal-şərqində yerləşən Çiba şəhərində elektrik enerjisinin verilişində yaranan fasilə iki mindən çox evi əhatə edib.
Meteoroloqlar “Mindul” tufanının avqustun 23-də Hokkaydoya çatacağını və şimal istiqamətində hərəkət edəcəyini bildirirlər. Hokaydo adasındakı çayların yaxınlığında yaşayan əhaliyə təxliyyə olunmaları tövsiyə edilib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio