DÜNYA


Yaponiyanın müdafiə naziri siyasi qalmaqala görə istefa verməyəcək

Tokio, 28 iyun, AZƏRTAC 

Yaponiyanın müdafiə naziri xanım Tomomi İnada iyunun 28-də bəyan edib ki, bir gün əvvəl ordunun adından seçicilərə etdiyi müraciətə görə istefa vermək niyyətində deyil.

Mövzu ilə əlaqədar sualı cavablandıran nazirin sözlərini sitat gətirən Kyodo agentliyi yazır: “Mən artıq sözümü dünən demişəm”.

İyunun 27-də axşam T.İnada hərbi qulluqçuların və Müdafiə Nazirliyinin adından Tokio assambleyasına hakim Liberal Demokratik Partiyanın (LDP) namizədini dəstəkləmək barədə bir neçə saat əvvəl səsləndiridiyi fikirlərə görə üzr istəyərək bu sözlərindən imtina etdiyini deyib. Bundan sonra o, öz vəzifəsində işini davam etdirmək niyyətində olduğunu bildirib.

Yaponiya qanunvericiliyinə görə, ölkənin özünümüdafiə qüvvələri, eyni zamanda, digər dövlət orqanları siyasi fəaliyyətlə məşğul ola bilməzlər. Nazir xanımın çıxışı internetdə çox böyük sürətlə yayılıb və müxalifət tərəfindən qanun pozuntusu kimi qiymətləndirilib.

Müxalifəti təmsil edən Demokratik Partiya bu gün səhərdən nazirin öz vəzifəsinə uyğun olmadığını bildirib. T.İnadanın ünvanına tənqidi fikirlər hakim partiyanın da sıralarında səslənib.

Məsələyə münasibət bildirən Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa deyib ki, LDP nazirin yekun açıqlama verəcəyini və öz vəzifəsinin icrasını davam etdirəcəyini düşünür.

Tokio assambleyasına seçkilər iyulun 3-də keçiriləcək. Hazırda assambleyadakı 127 deputat yeri uğrunda seçkiqabağı kampaniya davam edir. Kampaniyada əsas mübarizə hakim Liberal Demokratik Partiya ilə paytaxt meri Yuriko Koikenin seçkilərlə əlaqədar xüsusi təşkil etdiyi “Birinci tokiolular” Partiyası arasında gedir. Son sorğuların nəticələrinə görə, hər iki partiyanın şansı bərabər qiymətləndirilir – təqribən 25-26 faiz.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.