DÜNYA
Yaponiyanın müxalifət partiyaları Baş nazirin fəaliyyətinin araşdırılmasının davam etdirilməsini tələb edirlər
Tokio, 18 iyun, AZƏRTAC
Yaponiyanın müxalifət partiyaları bəyan ediblər ki, iyunun 18-də parlamentin sessiyasının başa çatmasına baxmayaraq, Baş nazirin öz vəzifə səlahiyyətlərindən süi-istifadəsi ilə bağlı sorğuları davam etdirəcəklər.
Demokratik Partiya və digər müxalifət partiyaları bildiriblər ki, Baş nazir Şinzo Abenin öz vəzifə səlahiyyətlərindən istifadə edərək dostunun rəhbərlik etdiyi baytarlıq fakültəsinin açılmasını sürətləndirmək cəhdi axıra qədər araşdırma tələb edir.
Müxalifət partiyaları tələb ediblər ki, parlamentin işində fasilə olmasına baxmayaraq, müvafiq parlament komitəsi Kake təhsil müəssisəsinin akkreditasiyası ilə bağlı araşdırmaları davam etdirməlidir.
Bunun cavabında hakim koalisiyaya daxil olan partiyalar deyiblər ki, onlar heç bir qeyri-qanuni addımın atılmadığını təsdiq etməyə hazırdırlar. Məsələ tam həll edildiyinə görə, bunun üçün xüsusi iclasın keçirilməsinə ehtiyac yoxdur.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio