DÜNYA
Yaponiyanın siyasi partiyaları seçkiöncəsi proqramlarını cəmiyyətə təqdim edirlər
Tokio, 26 noyabr, AZƏRTAC.
Əvvəlcədən də gözlənildiyi kimi, cari həftə ərzində Yaponiyanın siyasi partiyaları parlamentin aşağı palatasına dekabrın 14-də keçiriləcək səçkilərlə əlaqədar seçkiöncəsi proqramlarını cəmiyyətə təqdim edirlər.
Hakim Liberal-Demokratik Partiya (LDP) noyabrın 25-də öz proqramı ilə çıxış edib. Partiyadan bildirirlər ki, “abenomika” xəttini əsas tutan liberal-demokratlar ölkə iqtisadiyyatının bərpasına və fiskal sağlamlaşdırmaya nail olmağa çalışacaqlar. Partiya üzvlərinin sözlərinə görə, bu, iqtisadi sağlamlaşdırmaya nail olmağın yeganə yoludur.
LDP-nin koalisiya tərəfdaşı olan Komey Partiyası öz seçki proqramını noyabrın 27-də təqdim edəcəyini bildirib. Sənəddə 2017-ci ildə artırılması planlaşdırılan istehlak vergisinin təsirini azaltmaq üçün vergi güzəştlərini nəzərdə tutan bəndlər xüsusi yer alacaq.
Ölkənin əsas müxalifət təşkilatı olan Demokratik Partiya öz proqramı ilə çıxış edərək orta təbəqənin vəziyyətini yaxşılaşdırmaq üçün “abenomika”dan imtina edəcəyini bildirib. Sənəddə həmçinin bərpa olunan enerji mənbələrinin inkişafının stimullaşdırılmasını və Yaponiyanın 2030-cu ilədək atom enerjisindən asılığının ləğv edilməsini nəzərdə tutan bəndlər də var.
Yaponiyanın Bərpası Partiyasının da cəmiyyətə təqdim olunmuş proqramında “abenomika”dan imtina edilir və bildirlir ki, bu siyasət vətəndaşların vəsaitlərini qorumur. Partiyanın sənədində həmçinin parlamentdəki yerlərin 30 faiz ixtisar edilməsi və bu yolla qanunverici orqanın xərclərinin azaldılması nəzərdə tutulur.
Gələcək Nəsillərin Partiyası elan etdiyi seçkiöncəsi proqramında monetar yumşaldılma ilə bağlı əlavə tədbirlərdən, Konstitusiyaya yenidən baxılmasından imtina edilməsini irəli sürür.
Yaponiyanın Kommunist Partiyası da istehlak vergisinin artırılmasından və “abenomika”dan tamamilə imtina olunmasını, hökumətin kollektiv özünümdafiə hüququnun tətbiqi barədə qərarının ləğv edilməsini seçkiöncəsi proqramında əsas götürüb. YKP də Yaponiyada atom reaktorlarının işinin bərpasının əleyhinə çıxış edib.
“Xalqın həyatı” Partiyası bəyan edib ki, işçilərin müvəqqəti əsaslarla işə götürülməsinin qarşısını almaq və ölkənin sosial təminat sisteminin yaxşılaşdırılması üçün çalışacaq.
Yaponiya Sosial-Demokratik Partiyası istehlak vergisinin artırılması planından imtina olunmasını, Yaponiyada nüvəsiz cəmiyyət yaradılmasını nəzərdə tutan proqramla çıxış etməyi planlaşdırır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio