DÜNYA
Yaponiyaya ƏDV-nin dərəcəsini artırmaq tövsiyə olunub
Bakı, 6 iyul, AZƏRTAC
Beynəlxalq Valyuta Fondunun (BVF) yeni məruzəsində mövcud büdcə kəsirinin azaldılması məqsədilə Yaponiyaya istehlak vergisinin (ƏDV) dərəcəsini 10 faizdən yuxarı səviyyəyə qaldırmaq tövsiyə edilib.
AZƏRTAC “vergiler.az” saytına istinadla bildirir ki, ƏDV dərəcəsinin artırılması mexanizmini də əhatə edən tövsiyədə vergiödəyicilərinin əvvəlcədən müəyyən qrup mallara tətbiq edilən verginin artırılması barədə məlumatlandırılmalı, verginin dərəcəsinin gələcəkdə 15 faizə çatdırılmalı olduğu qeyd olunub.
Bu ilin aprel ayında Yaponiya hökuməti hazırda 8 faiz təşkil edən ƏDV-nin dərəcəsini 10 faizə qaldırmaq barədə qərar qəbul edib.
Lakin yeni vergi dərəcəsi 2020-ci ilin oktyabr ayına qədər tətbiq olunmayacaq. Bununla yanaşı, hökumət müəyyən qrup mallar üçün paralel vergi tətbiq edilməsinin mümkünlüyünü də nəzərdən keçirir. BVF ekspertləri isə hesab edirlər ki, vergini “unitar” saxlamaq lazımdır, başqa sözlə, maksimal sayda mal və xidmətlər üçün vahid vergi dərəcəsi müəyyənləşdirilməlidir.