DÜNYA


Yaponiyaya yaxınlaşan tufana görə 130 mindən çox insan təxliyəyə hazırlaşır

A+ A

Tokio, 3 oktyabr, AZƏRTAC

Yaponiyanın Okinava prefekturasının 133 mindən çox sakini yaxınlaşmaqda olan “Çaba” tufanına görə təxliyə barədə xəbərdarlıq alıb. NHK kanalının yaydığı məlumata görə, bu, cari ildə Sakit okeanda yaranan 18-ci tufandır.

İlkin olaraq yaşlı sakinlər və xəstələr yaxınlıqdakı məktəblərə, idman salonlarına və digər etibarlı ictimai obyektlərə yerləşdirilirlər.

Yaponiya Milli Meteorologiya Agentliyi Okinavanın bütün ərazisində qasırğa xəbərdarlığı barədə məlumat yayıb. Sərnişin bərələrinin hərəkəti təxirə salınıb, yükdaşıyan gəmilərin sahiblərinə isə təhlükəsizlik tədbirləri görülməsi barədə xəbərdarlıq göndərilib.

Hazırda “Çaba” tufanı Okinava prefekturasına doğru hərəkət edir. Onun mərkəzində küləyin sürəti saniyədə 70 metrə çatır. Tufan özü ilə daşqınlara və torpaq sürüşmələrinə səbəb ola biləcək güclü yağışlar gətirir.

Sentyabrın 20-də Yaponiyaya çatan “Malakas” tufanı ölkəyə ciddi zərər vurmuşdu. Nəticədə 2 nəfər həlak olmuş, 40 nəfər isə xəsarət almışdı.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.