DÜNYA
Yaponlar dünyada ən güclü lazer yaradıblar
Bakı, 31 iyul, AZƏRTAC
Osaka Universitetinin tədqiqatçılar qrupu dünyanın ən güclü lazerini yaratmağa nail olub.
AZƏRTAC “Newsland” portalına istinadla xəbər verir ki, qurğunun buraxdığı şüanın gücü 2 petavatt təşkil edir. Bu möcüzəli (və təhlükəli) qurğu “LFEX” (Laser for Fast Ignition Experiments) adlandırılır və uzunluğu təxminən 92 metrdir.
Maraqlıdır ki, böyük gücə malik olan bu lazer iş üçün enerjidən az istifadə edir. O, cəmi bir neçə yüz coul sərf edir ki, bu da mənzilimizdəki mikrodalğalı sobanın istifadə etdiyi enerjiyə bərabərdir. Lakin böyük güc qurğunun generasiyasının az müddətli olması hesabına əldə edilir. Xatırladaq ki, güc mahiyyət etibarilə müəyyən müddət ərzində sərf edilən enerji deməkdir. Təqdim olunan lazer yalnız 2 pikosaniyə ərzində davam edən şüanı generasiya edir və bu səbəbdən çıxış gücü çox olur.
Buna lazer axınının sürətləndiricisi qismində işləyən şüşə “lampalar” sayəsində nail olunur.
Yaponiya alimləri bununla kifayətlənmirlər. Onlar 10 petavatt gücündə lazer yaratmağı planlaşdırırlar.