CƏMİYYƏT


Yaponlar onu gözəl qamətin mənbəyi hesab edirlər

Bakı, 23 may, AZƏRTAC

Maytake göbələyi dünyanın ən qiymətli və bahalı göbələklərindən biri hesab edilir. Orta əsrlərdə Çində onun çəkisinin qiyməti gümüşün qiymətinə bərabər tutulurdu. Hətta onun bitdiyi yeri gizlədər, vəsiyyət edərək nəsildən-nəslə ötürərdilər. Göbələyin diametri yarım metrə, çəkisi 4 kiloqrama çatır.

Maytakeni “rəqs edən göbələk” adlandırırdılar. Bəzi mənbələrə görə, onu dərməzdən əvvəl müəyyən rəqs ritualları icra edilməli idi. Deyilənə görə, bunu etməyəndə maytake öz müalicəvi xüsusiyyətlərini itirə bilərdi. Digər mənbəyə görə, feodalizm dövründə kasıblar həmin göbələyi tapanda sevinərək rəqs edərmişlər.

Yapon alimi Takişi Midano 1195-ci ilə aid əlyazmalarında maytake göbələyi haqqında məlumat verərək eramızdan əvvəl 206-cı ildə Çin imperatorlarının müalicəsində ondan dərman kimi istifadə edildiyi göstərib. Maytake yabanı halda Yaponiya meşələrində və Çinin bəzi rayonlarında bitir. Keçən əsrin 80-ci illərindən həmin göbələyi meyvə ağaclarında yetişdirirlər.

Gündoğar ölkədə maytakeni gözəl qamət göbələyi hesab edirlər və yerli əhalinin inamına görə, yapon xanımlar məhz onun sayəsində füsunkar qamətə sahib olurlar. Maytakenin güclü ətri və dadı var. Şərq kulinariyasında onu digər oxşar göbələklərlə birlikdə istifadə edir və ondan şorba, sous, ədviyyat, salat, içki və ekstratlar hazırlayırlar. Yaponiyada məşhur miso şorbasının əsas komponenti maytake göbələyidir. Göbələyi ocağın üstündə 5-8 dəqiqədən çox bişirmək olmaz, çünki o, öz effektiv təsirini itirir. Koreyada isə onu ya buxarda bişirir, ya da sadəcə olaraq qızardırlar.

Maytakenin tərkibindəki beta-qlükanlardan ən güclüsü qrifolan hesab edilir və onun xərçəng hüceyrələrinə çox güclü təsir edən yeddi göbələkdən biri olduğu məlumdur. Onun adı beş ölkənin rəsmi dərman siyahısına daxil edilib.

Göbələyin spesifik xüsusiyyəti var və əsasən süd vəzi, uşaqlıq, yumurtalıq, prostat vəzi, sidik kisəsi xəstəliklərində və bağırsaq xərçəngi əleyhinə daha yaxşı təsir göstərir. Şüa terapiyası və törəmələrə cərrahi müdaxilədən sonra maytake göbələyi ilə az vaxtda bərpa prosesini təmin etmək olur. Kimyəvi terapiya ilə yanaşı göbələkdən istifadə müalicə prosedurunun səmərəsini artırır və onun bütün təsirləri elmi araşdırmalarda təsdiq olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.