ELM VƏ TƏHSİL
Yaqub Mahmudov: Tarixi şəxsiyyətlərimizi qarşı-qarşıya qoymaq düzgün deyil
Bakı, 26 may, AZƏRTAC
Azərbaycan Xalq Cümhuriyyəti tariximizin şərəf səhifəsidir. Tarixi şəxsiyyətlərimizi, o cümlədən Cümhuriyyət xadimlərini qarşı-qarşıya qoymaq düzgün deyil, onları xalqımıza olduğu kimi, doğru-düzgün təqdim etmək lazımdır.
Bunu Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov 28 May – Respublika Gününə həsr olunmuş “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir” adlı konfransda deyib.
Bu barədə AZƏRTAC-a Tarix İnstitutundan məlumat verilib. Konfransda Azərbaycanın 5 min illik dövlətçilik tarixi olduğunu vurğulayan institutun direktoru deyib: “Türkçülüyün vətəni Azərbaycandır. Türkçülüyün banisi deyildikdə Əli bəy Hüseynzadənin adı birinci yazılmalıdır. İlk dəfə üçrəngli bayraq ideyası da məhz Azərbaycanda yaranıb. Əli bəy Hüseynzadənin “türkləşmək, islamlaşmaq, müasirləşmək” düsturu məhz Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət bayrağının rənglərində öz əksini tapıb”.
Müharibə şəraitində olmasına baxmayaraq, Azərbaycanın Cənubi Qafqazda lider dövlət olduğunu söyləyən akademik qeyd edib ki, dünyanın, Şərqin və türk dünyasının ən demokratik respublikasını Azərbaycan xalqı yaradıb.
Konfransda Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Milli Məclisin deputatı Ağacan Abıyev də çıxış ediblər.