ELM VƏ TƏHSİL


Yaqub Piriyev: Tələbələr hər semestrdə iki fənn üzrə fənni dinləmədən akademik borclarını ləğv edə bilərlər

Bakı, 16 iyun, P.İmanova, AZƏRTAC

İyunun 16-da Təhsil Nazirliyində Nazirlər Kabinetinin “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında” 2013-cü il 24 dekabr tarixli qərarında dəyişikliklər edilməsi ilə bağlı mətbuat konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, Təhsil Nazirliyinin aparat rəhbərinin müavini, elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev dəyişikliklərə əsasən, akademik borcu olan tələbələrə hər semestrdə ümumilikdə iki fənn üzrə fənni dinləmədən kreditlər qazanmaq (imtahanda iştirak etmək) imkanı yaradıldığını diqqətə çatdırıb. Üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbə həmin fənn üzrə təkrar imtahan üçün ödəniş etmir. Digər tələbələr isə imtahanda iştiraka görə həmin fənn üçün nəzərdə tutulan məbləğin 25 faizindən çox olmamaq şərtilə ali təhsil müəssisəsi tərəfindən müəyyən edilən vəsaiti ödəməli olacaqlar.

Qeyd olunub ki, hazırda dövlət ali təhsil müəssisələrində sonuncu buraxılış kursunun təqribən 6 faiz tələbəsi 1-2 fənn üzrə akademik borcu olduğuna görə ali məktəbi bitirə bilmir. Bu qərarın qəbul olunması həmin tələbələrə ali təhsil müəssisəsini bitirmək üçün real imkan yaradır.

Dəyişikliklərə görə, bir semestrdə tələbənin götürdüyü kreditlərin maksimal sayı 38-dən 40-a, yay semestrində tələbənin götürdüyü fənlər üzrə kreditlərin cəminin sayı isə 9-dan 10-a qədər artırılıb. Eyni zamanda, əyani təhsilalma formasının yeni növləri – tədrisə tam cəlbolunma və tədrisə qismən cəlbolunma növləri tətbiq olunub. Tədrisə tam cəlbolunma ixtisasın təhsil proqramı ilə müəyyən edilmiş normativ təhsil müddətinə uyğun, tədris qrafiki ali təhsil müəssisəsi tərəfindən planlaşdırılan, tədrisə qismən cəlbolunma isə ixtisasın tədris planına uyğun, hər semestrdə iki fəndən az olmamaqla tədris qrafiki tələbə tərəfindən planlaşdırılan əyani təhsilalma formasının növüdür. Tədrisə qismən cəlbolunma növünün tətbiqi aztəminatlı ailələrindən olan tələbələrə işləmək, işləyən şəxslərə isə təhsil almaq imkanı yaradacaq.

Y.Piriyev qeyd edib ki, əgər tələbənin il ərzində təhsil haqqını ödəmək imkanı yoxdursa, onda tələbə iki fənni seçə bilər və fənlərə-kreditlərə müvafiq təhsil haqqını ödəyib universitetdə təhsil ala bilər. Tələbələrin təhsilə davamiyyətində 25 faiz məhdudiyyət var idi. Yeni qaydalara əsasən, Gənclər və İdman Nazirliyinin yığma komandasının üzvlərinə bu məhdudiyyət şamil edilmir.

Diqqətə çatdırılıb ki, tədrisə qismən cəlb olunan tələbələr isə oxuduğu müddətdə həm də çalışa bilərlər. Bu halda tələbələr ən azı iki fənni dinləyərək tədris almalıdırlar. Onlar 20 kreditdən çox olmamaq şərti ilə müəyyən müddətdə ali məktəbdə tədrisi bitirə bilərlər. Bu da imkan yaradacaq ki, aztəminatlı tələbələr həm çalışıb, həm də təhsillərini davam etdirsinlər. Qismən tədrisə cəlbolunmada belə bir imkan yaranıb ki, tələbə özü iki fənn üzrə müəllimi seçsin və özünün tədris planının hərəkət trayektoriyasına uyğun olaraq müəyyənləşdirsin.

Yaqub Piriyev bildirib ki, artıq oğlan tələbələr yeni qaydalara əsasən imtahan sessiyası başa çatandan sonra bir və ya iki fənn üzrə akademik borcunu ödəyib əsgərliyə gedə biləcəklər. Bundan sonra tələbələrə imkan yaradılacaq ki, dövlət imtahanı versin, buraxılış işlərini müdafiə etsin, akademik borclarını ləğv edib hərbi xidmətə yollansın. Lakin bu, yalnız bir və ya iki akademik borcu olanlara aiddir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.