REGİONLAR
“Yaradıcı gənclərin və sağlamlıq imkanları məhdud şəxslərin əl işləri” müsabiqəsinə yekun vurulub
Naxçıvan, 22 dekabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda keçirilən yaradıcı gənclərin və sağlamlıq imkanları məhdud şəxslərin əl işlərindən ibarət rəsm müsabiqəsinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, müsabiqədə yaradıcı gənclərin, həmçinin fiziki imkanları məhdud şəxslərin 40-dək əl işi, ölkəmizin, muxtar respublikamızın tarixinə və təbiətinə həsr olunmuş yağlı və sulu boya ilə çəkilmiş rəsmləri nümayiş olunub.
Muxtar respublikanın Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar Rəssamı, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva Naxçıvan Muxtar Respublikasında yaradıcı gənclərə göstərilən dövlət qayğısından danışıb. Bildirib ki, məhz bu qayğı sayəsində gənc rəssamların yaradıcılıq qabiliyyətləri daha da inkişaf edir, sağlamlıq imkanları məhdud uşaqların, gənclərin cəmiyyətə inteqrasiyası təmin olunur. Bunun nəticəsidir ki, hər il gənclər təşkil olunan sərgi və müsabiqələrdə daha fəal iştirak edirlər.
Qədim diyarda uğurla həyata keçirilən sosial-iqtisadi islahatlardan, gənclər siyasətindən danışan muxtar respublikanın Gənclər və İdman Nazirliyi aparatının gənclərlə iş şöbəsinin müdiri Nicat Babayev bildirib ki, Naxçıvanda təhsil infrastrukturunun yenilənməsi, kadr potensialının təkmilləşdirilməsi istiqamətində uğurlu nəticələr qazanılıb. O, keçirilən rəsm müsabiqəsinin gənclərin bacarıq və qabiliyyətlərinin üzə çıxarılmasında mühüm rol oynadığını diqqətə çatdırıb.
Sonra qaliblər mükafatlandırılıb. Müsabiqənin nəticələrinə görə İsmayıl İsmayılov I, Sulayə Alməmmədova II, Nigar Vəliyeva III yerə, 10 gənc isə həvəsləndirici mükafatlara layiq görülüblər. Qaliblərə diplom və qiymətli hədiyyələr təqdim edilib.
Sonda sərgiyə baxış olub.
Qeyd edək ki, müsabiqə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri və muxtar respublikanın Rəssamlar Birliyinin təşkilatçılığı ilə keçirilib.