REGİONLAR
Yardımlı rayonunun iki kəndində içməli su təchizatının yaxşılaşdırılması layihəsinin icrası yekunlaşıb
Bakı, 14 noyabr, AZƏRTAC
“Azərsu” ASC Yardımlı rayonunun Yolocaq və Horoni kəndlərinin içməli su təchizatının yaxşılaşdırılması layihəsinin icrası yekunlaşdırıb.
“Azərsu” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, kəndlərə içməli suyun verilməsi mərasimində Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov bölgələrdə həyata keçirilən infrastruktur layihələrinin əhəmiyyətindən danışıb, kəndlərin içməli su təchizatının yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıya görə sakinlər adından ölkə rəhbərliyinə minnətdarlığını bildirib.
Millət vəkili Musa Qasımlı mürəkkəb relyef şəraitində yerləşən kəndlərin içməli su probleminin həll edilməsini mühüm hadisə adlandıraraq belə layihələrin sakinlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına səbəb olduğunu vurğulayıb. “Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC-nin direktorunun müavini Ramin Sadıqov kənd yaşayış məntəqələrinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə həyata keçirilən layihələr barədə məlumat verib və bu tədbirlərin gələcəkdə də davam etdiriləcəyini diqqətə çatdırıb: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin istehlakçıların keyfiyyətli içməli su ilə təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq bölgələrdə genişmiqyaslı işlər həyata keçirilir. Yardımlı rayonunun Yolocaq və Horoni kəndlərini içməli su ilə təmin etmək üçün 3,6 kilometr magistral su xətti çəkilib, 50 kubmetr tutumu olan su anbarı quraşdırılıb, hər bir ev təsərrüfatına birləşmə verilib. Layihənin icrası nəticəsində bu kəndlərdə 1500-dən çox sakinin içməli su təchizatı yaxşılaşdırılıb”.
Kənd sakinləri bildiriblər ki, indiyədək içməli suyu böyük çətinliklərlə uzaq məsafədən, hətta qonşu kəndlərdən müxtəlif vasitələrlə daşıyıblar. Yeni layihənin icrası nəticəsində bu problem həll edilib.
Ümumilikdə layihə çərçivəsində Yardımlı rayonunun Osnakəran, Bürzünbül, Vərgədüz, Bilnə, Əngövül, Vərov, Yolocaq, Horoni, Separadi, Keçələkəran, Bozayran, Dəryavar, Sırıq, Anzov, Hamarkənd və Zəngənə kəndlərində 12 mindən çox sakinin içməli su təchizatının yaxşılaşdırılması nəzərdə tutulur. Bu kəndləri içməli su ilə təmin etmək üçün mənbə olaraq Sineyir mənbəyi seçilib. Su mənbəyində sugötürücü qurğu inşa edilib, buradan yaşayış məntəqələrinə qədər 30,6 kilometr uzunluğunda magistral kəmər çəkilib, su anbarları tikilib. 2015-ci ildə Vərgədüz, Osnakəran, Bürzünbül, Bilnə, 2016-cı ildə Vərov, Yolocaq və Horoni kəndlərinə suyun verilməsi təmin edilib, ümumilikdə 8000-dən çox sakinin içməli su təchizatı yaxşılaşdırılıb.