REGİONLAR
Yardımlıda YAP tərəfindən bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülmüş gənclərlə görüş
Yardımlı, 19 dekabr, Bağır Əliyev, AZƏRTAC
Yardımlı Rayon Mədəniyyət Evində seçkiqabağı təbliğat və təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülmüş gənclərlə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, toplantıda çıxış edən YAP Yardımlı rayon təşkilatının sədri Mahir Mirzəyev dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar görülmüş işlərdən, seçkilərin yüksək səviyyədə başa çatmasını təmin etmək üçün qarşıda duran vəzifələrdən danışıb.
Qeyd olunub ki, Prezident İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyası sahib olduğu strateji resurslarla Azərbaycan siyasi sisteminin alternativsiz siyasi güc mərkəzidir. Partiyanın 22 illik tarixi var və cəmiyyətə təqdim etdiyi dəyərlər, məqsədlər artıq siyasi ənənə kimi səciyyələndirə biləcəyimiz ideoloji tezislər vasitəsilə Azərbaycan xalqı tərəfindən mənimsənilib.
Milli Məclisin üzvü Mirkazım Kazımov çıxışında qeyd edib ki, YAP alternativsiz siyasi qüvvədir və Azərbaycanın siyasi arenasında özünəməxsus yer tutur. Ölkəmizdə həyata keçirilən uğurlu siyasət Azərbaycanın dinamik iqtisadi inkişafını təmin edib.
Bildirilib ki, bu inkişafda bələdiyyələr də müstəsna rol oynamaqdadır. Bələdiyyə seçkilərində təbliğat və təşviqat kampaniyasını yerli qanunvericiliyə, müəyyən olunmuş standartlara müvafiq surətdə aparılması olduqca vacib və zəruri amildir.