REGİONLAR
Yardımlıda beş ayda süni mayalama yolu ilə 138 baş buzov alınıb
Yardımlı, 13 iyul, Bağır Əliyev, AZƏRTAC
Ucqar dağlıq ərazidə yerləşən Yardımlı rayonunda əhalinin əksəriyyəti heyvandarlıqla məşğul olur. Hazırda rayonda 28 min 365 baş iri, 82 mindən çox xırdabuynuzlu mal-qara var.
AZƏRTAC xəbər verir ki, Yardımlı Rayon Baytarlıq İdarəsi mal-qaranın infeksion xəstəliklərə yoluxmaması üçün epizootik vəziyyəti daim nəzarətdə saxlayır, bu məqsədlə vaxtaşırı profilaktik tədbirlər həyata keçirir.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin epizootik planına uyğun olaraq, rayonda heyvanlar arasında qarayara, dabaq, quduzluq və digər infeksion xəstəliklərə qarşı aparılan vaksinasiya tədbirləri artıq yekunlaşıb.
Rayon baytarları tərəfindən nodulyar dermatitə qarşı 28 min iri və 82 minə yaxın xırdabuynuzlu mal-qaraya vaksin vurulub. Hazırda isə mövsümi xəstəlik olan çiçəyə qarşı heyvanlar arasında peyvəndləmə işləri görülür.
Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması üçün süni mayalandırma tədbirləri də genişləndirilir. Bu ilin beş ayı ərzində Yardımlıda süni mayalama yolu ilə 138 baş buzov alınıb.
Xaricdən gətirilən cins inəklərin sayının artırılması da heyvandarlıqla məşğul olan fermerlərin diqqət mərkəzindədir.