CƏMİYYƏT
Yardımlıda keçirilən “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda regional konfrans başa çatıb
Yardımlı, 29 iyul, Bağır Əliyev, AZƏRTAC
İyulun 29-da Yardımlıda “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda ikigünlük regional konfrans başa çatıb.
AZƏRTAC xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Yardımlı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən konfransda Cəlilabad, Masallı və Yardımlı rayonlarında fəaliyyət göstərən dini icmaların rəhbərləri, din xadimləri, ictimaiyyət nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər.
Konfransın ikinci günü gənclər qarşısında çıxış edən DQİDK sədrinin birinci müavini Səyyad Salahlı bildirib ki, İslam dünyanın ən gənc dini olsa da, ən çox inkişaf etmiş humanist dindir. Bu gün dünyada baş verən hadisələrdən nəticə çıxarmağı gənclərə tövsiyə edən S.Salahlı İslamı radikal meyllərdən qorumağın vacibliyini diqqətə çatdırıb.
Regional konfransın plenar iclasında DQİDK-nin sədr müavini Gündüz İsmayılov “Milli mənəvi dəyərlərimiz və müasir gənclik,” Komitənin Masallı bölgəsi üzrə şöbə müdiri Miryəhya Bədirov “Dini icmalar və maarifləndirmə işi” mövzusunda məruzə ediblər.
Diskussiya şəklində davam edən tədbirdə gəncləri maraqlandıran suallar cavablandırılıb.