REGİONLAR
Yardımlıda miqrasiya ilə bağlı maarifləndirici tədbir keçirilib
Yardımlı, 30 aprel, Bağır Əliyev, AZƏRTAC
Yardımlı Rayon İcra Hakimiyyətində miqrasiya ilə bağlı maarifləndirici tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, rayonun inzibati ərazi dairəsi üzrə icra nümayəndələrinin, bələdiyyə sədrlərinin və ictimaiyyətin təmsilçilərinin iştirak etdikləri tədbirdə Lənkəran Regional Miqrasiya İdarəsinin rəisi Səmədağa Abdullayev çıxış edib.
Bildirilib ki, Prezident İlham Əliyev tərəfindən digər sahələrdə olduğu kimi, miqrasiya sahəsində də miqrasiya idarəetmə mexanizminin təkmilləşdirilməsi, miqrasiya proseslərinin idarə olunması və tənzimlənməsi məqsədilə həm qanunvericilik, həm də onun tətbiqi sahəsində mühüm tədbirlər həyata keçirilir.
Qeyd olunub ki, 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi dövlətimizin tolerantlıq prinsipləri əsasında idarə olunmasının daha bir nümunəsidir.
Maarifləndirici tədbirdə Lənkəran Regional Miqrasiya İdarəsinin digər əməkdaşları çıxış edərək əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyatı, onlara Azərbaycan Respublikası ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazənin verilməsi qaydalarından danışıblar.
Çıxış edənlər Azərbaycan Respublikasında əmək miqrasiyası və onun hüquqi tənzimlənməsi, miqrasiya sahəsində qanunvericiliyin tələblərinin pozulmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş məsuliyyətlər haqqında iştirakçılara məlumat veriblər.
Tədbirdə, həmçinin vətəndaşsızlıq hallarının aradan qaldırılması istiqamətində görülən işlər, regionlarda keçirilən çoxsaylı tədbirlərin konkret nəticələri diqqətə çatdırılıb, suallar cavablandırılıb.