REGİONLAR
Yardımlının Hamarkənd kəndində tibb məntəqəsi istifadəyə verilib VİDEO
Yardımlı, 13 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Oktyabrın 13-də Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı proqramı çərçivəsində reallaşdırılmış “Yardımlının Hamarkənd kəndində tibb məntəqəsinin tikintisi” layihəsinin başa çatması ilə əlaqədar açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, layihə üzrə qrant sazişi Yaponiyanın ölkəmizdəki səfirliyi ilə “Yerli idarəetməyə yardım” İctimai Birliyi arasında bu il fevralın 2-də imzalanıb. 6 min 200 nəfərin faydalanacağı layihənin ümumi məbləği 103 min ABŞ dolları təşkil edir.
Mərasimdə çıxış edən Yaponiyanın ölkəmizdəki səfiri Tsuquo Takahaşi, Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, “Yerli idarəetməyə yardım” İctimai Birliyinin rəhbəri Vüsal Mirzəyev kənd sakinlərini əlamətdar hadisə münasibətilə təbrik ediblər.
Qeyd olunub ki, Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı proqramı çərçivəsində Yardımlı rayonunda bu layihə də daxil olmaqla, 4 layihə üzrə qrant müqaviləsi imzalanıb. Həmin müqavilələrə əsasən, Ərsilə kəndində məktəb binası tikilib, ilkin tibbi yardım vasitələrinin təkmilləşdirilməsi layihəsi həyata keçirilib, Yardımlı şəhərindəki 1 nömrəli tam orta məktəbdə sanitar qovşağı inşa edilib.
Kənd sakinləri ölkəmizdə yerli əhəmiyyətli sosial layihələrin həyata keçirilməsinə göstərilən dəstəyə görə Yaponiya hökumətinə minnətdarlıqlarını bildiriblər.