REGİONLAR
Yardımlının Vərgədüz kəndinin sakinlərinə bayram hədiyyəsi
Yardımlı, 18 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq, oktyabrın 18-də Yardımlı rayonunun Vərgədüz kəndinə ilk dəfə təbii qaz verilib.
AZƏRTAC xəbər verir ki, 246 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 21166 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonentin mənzilində sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Kəndə “mavi yanacağ”ın verilməsi münasibətilə keçirilən mərasimdə çıxış edən Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov sakinləri əlamətdar hadisə münasibətilə təbrik edib. Bildirib ki, dağlıq ərazidə yerləşən və çətin relyefə malik Yardımlı rayonunun təbii qazla təmin olunmuş yaşayış məntəqələrinin sayı 12-yə, qaz abonentlərinin sayı isə 2 min 353-ə çatdırılıb.
Sakinlər Dövlət Müstəqilliyi günündə kəndlərinə təbii qazın verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.