REGİONLAR
Yardımlının Zeynələzir kəndində yeni məktəb binası istifadəyə verilib
Yardımlı, 7 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti tərəfindən icra olunan, Azərbaycan Hökuməti və Dünya Bankının birgə maliyyələşdirdiyi İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi (AzKİL-2) çərçivəsində Yardımlı rayonunun Zeynələzir kənd ibtidai məktəbi üçün inşa olunmuş 40 şagird yerlik yeni məktəb binası istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə çıxış edən Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov məktəbin müəllim və şagird kollektivini əlamətdar hadisə münasibətilə təbrik edib.
Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində əldə edilmiş nailiyyətlərdən danışan A.Əsgərov bildirib ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları və genişmiqyaslı infrastruktur layihələrinin reallaşdırılması bölgələrin, kənd və qəsəbələrin simasını dəyişdirib, əhalinin rifah halını yüksəldib.
Mərasimdə çıxış edənlər təhsilin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə və təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.