İQTİSADİYYAT
Yarım ildə 174 min yeni iş yerləri açılıb
Bakı, 18 avqust, AZƏRTAC
2014-cü il yanvarın 1-dən bu il iyulun 1-nə qədər olan dövr ərzində Azərbaycanda ümumilikdə 613,7 min olmaqla 470,4 min daimi iş yerləri yaradılıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, birinci yarımil ərzində ölkədə 174 min yeni, o cümlədən 119,3 min daimi iş yerləri açılıb. Bu dövrdə yaradılmış iş yerlərinin 65,1 faizi qeyri-dövlət sektorunda yaradılıb. Yeni iş yerlərinin 22 faizi Bakı şəhərinin, 0,8 faizi Naxçıvan Muxtar Respublikasının, 77,2 faizi regionların, o cümlədən 34,5 faizi Aran, 10,8 faizi Lənkəran, 9,8 faizi Gəncə-Qazax, 5,9 faizi Yuxarı Qarabağ, 5,1 faizi Abşeron, 4 faizi Şəki-Zaqatala, 3,6 faizi Dağlıq Şirvan, 3,2 faizi Quba-Xaçmaz, 0,3 faizi isə Kəlbəcər-Laçın iqtisadi rayonlarının payına düşüb. Daimi iş yerlərinin 8,2 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 14,4 faizi mövcud müəssisə və təşkilatlarda, 1,1 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 76,3 faizi isə fərdi sahibkarlıq subyektləri tərəfindən yaradılıb.
Hüquqi şəxslər tərəfindən yaradılmış daimi iş yerlərinin 22,0 faizi tikinti, 21,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 9,9 faizi emal sənayesi, 7,8 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6 faizi peşə, elmi və texniki fəaliyyət, 4,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,3 faizi digər sahələrdə xidmətlərin göstərilməsi, 25,1 faizi isə digər iqtisadi fəaliyyət növləri üzrə açılıb.
Bununla yanaşı, bu ilin birinci yarımili ərzində ölkədə 25 min iş yeri bağlanıb. Bu dövrdə bağlanmış iş yerlərinin 76,6 faizi qeyri-dövlət sektorunun payına düşüb. İş yerlərinin 64,7 faizi fərdi sahibkarlıq subyektlərinin, 15,9 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 19,4 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.