İQTİSADİYYAT
Yarım ildə 40 kənd və qəsəbələrarası avtomobil yolu layihələri icra olunub
Bakı, 8 avqust, AZƏRTAC
Bu ilin yanvar-iyun aylarında 40 kənd və qəsəbələrarası avtomobil yolu layihələri icra edilib.
“Azəravtoyol” ASC –nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu barədə avqustun 8-də qurumda 2017-ci ilin 6 ayının yekunlarına və qarşıda duran vəzifələrin icrasına həsr olunan tədbirdə məlumat verilib. Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.
ASC-nin sədri Saleh Məmmədov Prezident İlham Əliyevin sədrliyi ilə 2017-ci ilin yanvarın 10-da Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkə başçısının “Azəravtoyol” ASC qarşısında mühüm vəzifələr qoyduğunu vurğulayıb. Qeyd edib ki, Prezident İlham Əliyev iqtisadiyyatın bütün sahələri ilə yanaşı, respublikanın və Bakı şəhərinin avtomobil yollarında reallaşdırılan layihənin bu il tam icra edilməsi, həmçinin cari il ərzində 40 kənd və qəsəbələrarası avtomobil yolu layihəsinin həyata keçirilməsini xüsusi olaraq vurğulayıb.
Daha sonra cəmiyyət sədri “Sovetski” layihəsi çərçivəsində ümumi uzunluğu 7,1 kilometr, asfalt-beton örtüyünün sahəsi 87,6 min kvadratmetr təşkil edən Nəriman Nərimanov prospekti, Abdulla Şaiq, Balababa Məcidov, Mirzağa Əliyev və Füzuli küçələrinin yenidən qurulmasının uğurla yekunlaşdırıldığını diqqətə çatdırıb.
Cəmiyyət sədri deyib ki, bu ilin 6 ayı ərzində 40 kənd və qəsəbələrarası avtomobil yolu layihələri uğurla icra olunub və cari ilin birinci yarım ili ərzində Prezident İlham Əliyevin iştirakı ilə tikintisi başa çatdırılmış bu cür obyektlərdən 7 avtomobil yolu və bir körpünün açılış mərasimi keçirilib.
S.Məmmədov əlavə edib ki, Prezident İlham Əliyevin kəndlərarası avtomobil yollarının tikintisi ilə əlaqədar imzaladığı sərəncamlara əsasən respublikanın 36 rayonunda 40 kəndlərarası avtomobil yolu və bir körpünün, Bakı şəhərində isə 10 qəsəbələrarası avtomobil yolu layihəsi üzrə tikinti və yenidənqurma işləri davam edir. Bu layihələrin həyata keçirilməsi 1,5 milyon əhalinin yaşadığı 466 yaşayış məntəqəsini əhatə edir, onların rahat avtomobil yollarından istifadə etməsinə, yük və sərnişin daşımasının asanlaşmasına, ən əsası isə kənd təsərrüfatı və turizmin inkişafına gətirib çıxaracaq.
Qeyd olunub ki, cari ilin 6 ayı ərzində ümumi istifadədə olan avtomobil yollarında və Bakı şəhərində 6 yeni avtomobil körpüsü tikilib, 5-i isə təmir edilib.