CƏMİYYƏT
Yarım ildə 70,8 min manat gecikdirilmiş sosial ödənişlər ünvanına çatıb
Bakı, 11 iyul, AZƏRTAC
Bu ilin birinci yarısında vətəndaş müraciətlərinə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin həyata keçirdiyi tədbirlər nəticəsində 70,8 min manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin olunub. Həmin məbləğin 93,6 faizini əməkhaqları, 4,8 faizini işəgötürənlərin ödəməli olduğu sosial müavinət və kompensasiyalar, qalan hissəsini isə zərərə görə ödənclər təşkil edib.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, ayrı-ayrı vətəndaşların işdən qeyri-qanuni şəkildə azad edilmələri barədə müraciətlər də diqqətlə araşdırılıb. Qanunvericiliyin tələblərinə zidd şəkildə işdən çıxarıldığı müəyyən olunanların əmək hüquqları qorunaraq yenidən əvvəlki işlərinə bərpa ediliblər.
Cari ilin ötən dövründə Xidmətin əməkdaşları ölkəmizin ayrı-ayrı orta ümumtəhsil məktəblərində təşkil olunan maarifləndirmə tədbirlərində əmək münasibətləri sahəsində uşaq hüquqları, uşaq əməyinin istismarı və məcburi əməyə cəlbetmə hallarına qarşı mübarizə, yaşı 18-dən az olanların əmək münasibətlərinə dair qanunvericilikdə əksini tapan müddəalar barədə geniş məlumatlar veriblər.