İQTİSADİYYAT


Yarım ildə manatın məzənnəsi banklararası əqdlər üzrə orta məzənnə əsasında müəyyənləşdirilib

Bakı, 5 avqust, AZƏRTAC

Birinci yarımillik ərzində manatın rəsmi məzənnəsi banklararası əqdlər üzrə orta məzənnə (hərraclar və hərracdan kənar əməliyyatlar nəzərə alınmaqla) əsasında müəyyən edilib. Tədiyə balansının yaxşılaşması, eləcə də dövlət sektorunun xarici valyutada bir sıra öhdəliklərinin valyuta bazarından kənarda tənzimlənməsi valyuta bazarına tarazlaşdırıcı və manatın məzənnəsinə sabitləşdirici təsir göstərib.

AZƏRTAC Mərkəzi Bankın 2017-ci ilin yanvar-iyun ayları üzrə Pul Siyasəti İcmalına istinadən xəbər verir ki, yanvar və fevral ayının birinci yarısında bahalaşan ABŞ dolları fevral ayının ikinci yarısından nisbətən ucuzlamağa başlayıb, ikinci rüb ərzində isə stabilləşib. 2016-cı ilin sonuna ABŞ dollarının manata qarşı məzənnəsi 1.7707 AZN səviyyəsində olmuşdursa, 01.02.17 tarixində özünün dövr üzrə maksimum həddinə - 1.9200 AZN-ə qalxıb, 26.05.17 - 01.06.17 tarixlərində isə minimum həddinə - 1.7020 AZN-ə enib. İlin birinci yarısının sonuna manat ABŞ dollarına nəzərən 3,9 faiz möhkəmlənib. 2017-ci ilin birinci yarısı ərzində 1 ABŞ dollarının manata qarşı orta günlük məzənnəsi isə 1,74 manat təşkil edib.

Dövr ərzində ikitərəfli məzənnələrin dinamikası çoxtərəfli məzənnənin dinamikasına da təsir göstərib. Belə ki, manatın qeyri-neft sektoru üzrə ümumi ticarət çəkili real effektiv məzənnəsi 1,4 faiz bahalaşıb.

Yeni məzənnə rejiminin tətbiqi Mərkəzi Bankın ehtiyatlarının zəruri səviyyədə qorunmasına imkan verir. İyunun 30-na Mərkəzi Bankın xarici valyuta ehtiyatları 4964,1 milyon dollar təşkil edib. Mərkəzi Bankın valyuta ehtiyatlarının həcmi kifayətlilik üzrə beynəlxalq təcrübədə qəbul edilmiş normaları (3 aylıq mal və xidmət idxalını örtmək, milli valyuta ilə pul təklifinə nisbət və sair) üstələyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.