MƏDƏNİYYƏT
“Yarımçıq xatirələr” bədii filminin təqdimatı keçiriləcək
Bakı, 4 may, AZƏRTAC
Mayın 9-da saat 19:00-da Nizami Kino Mərkəzində C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında dövlət sifarişi ilə istehsal edilmiş, rejissor Elxan Cəfərovun “Yarımçıq xatirələr” bədii filminin təqdimatı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, əsas hissəsinin çəkilişləri Belarusun Brest, Minsk şəhərlərində və Vileyka qəsəbəsində aparılan film İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 70 illiyinə həsr olunub. Filmin qəhrəmanı iki müharibənin iştirakçısıdır. Böyük Vətən müharibəsi qəhrəmanı yaşının ahıl çağında doğma Qarabağın müdafiəsinə qalxır. Filmdəki hadisələr Qarabağ müharibəsinə rus zabitinin gözü ilə baxışı əks etdirir.
Ekran əsərinin ssenari müəllifləri Konstantin Vorobyov, Yavər Rzayev, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Vadim Şafranskiy, Rafiq Nəsirov, bəstəkarı Polad Bülbüloğlu, redaktoru Ramiz Rövşən, icraçı prodüseri Azər Quliyev, prodüseri isə Müşfiq Hətəmovdur. Rollarda Bəhruz Vaqifoğlu, Mixail Kaminskiy, Georgi Tsaava, Gülzar Qurbanova, Andrey Milyuxin, Zurab Nicaradze, Veronika Plyaşkevbiç, Aleksandr Pavlov, İvan Matskeviç, Karim Pokaçakov, Rza Rzayev, Qurban İsmayılov və başqaları çəkiliblər.