CƏMİYYƏT


Yasamal rayon sakininin evinə basqın edən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib

A+ A

Bakı, 2 avqust, AZƏRTAC

Yasamal rayonu ərazisində törədilmiş quldurluq cinayətinin üstü paytaxtın hüquq mühafizə orqanları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində açılıb.

Bakı Şəhər Baş Polis İdarəsinin və şəhər prokurorluğunun AZƏRTAC-a daxil olan birgə məlumatında bildirilir ki, iyulun 27-də saat 11 radələrində Yalçın Ramazanov tanışı Nəzrin Əliyeva ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, sonuncunun analığı Tatyana Alimovanın yaşadığı Yasamal rayonunda yerləşən mənzilindən qızıl-zinət əşyalarını ələ keçirmək məqsədilə, özünü Qaz istismarı idarəsinin əməkdaşı kimi təqdim edərək qanunsuz mənzilə daxil olublar. Həmin şəxslər hücuma məruz qalmış Tatyana Alimovanın həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq etməklə, sonuncunun əllərini və boğazını yapışqan lentlə bağlayıb yumruqla ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə basqın edib, evdə olan qızıl-zinət əşyalarını quldurluq yolu ilə ələ keçiriblər.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 181.2.3-cü (quldurluq, yaşayış sahəsinə qanunsuz olaraq girməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Həyata keçirilmiş tədbirlər nəticəsində Yalçın Ramazanov və Nəzrin Əliyeva cinayəti törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar. Onlar iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək Cinayət Məcəlləsinin həmin maddəsində nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.