İQTİSADİYYAT
Yasamal rayonu Hüseyn Cavid prospektində yeni piyada keçidi istifadəyə verilib
Bakı, 16 iyun, AZƏRTAC
Yasamal rayonu Hüseyn Cavid prospektində yeni piyada keçidi istifadəyə verilib.
“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yeraltı piyada keçidi Hüseyn Cavid parkının qarşısında inşa edilib.
“Azəravtoyol” ASC-nin “Azəryolelmitədqiqatlayihə” İnstitutu tərəfindən hazırlanan layihəyə əsasən 2 giriş-çıxışlı yeni piyada keçidinin ümumi uzunluğu 57,1 metrdir. Bura keçidin 21,9 metr uzunluğunda olan pilləkən hissələri və 35,2 metr olan qalereyası daxildir. Qalereyanın (keçid hissə) eni 5 metr, hündürlüyü isə 3,2 metrdir. Keçid xidməti otaqla və təhlükəsizlik kameraları ilə təchiz olunub.
Piyada keçidi avtonəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi ərazidə inşa edilib. Məqsəd həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsini təmin etmək, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təşkil etməkdir.