CƏMİYYƏT
Yasamal rayonunda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub
Bakı, 1 iyun, AZƏRTAC
Yasamal rayon Heydər Əliyev Mərkəzində rayon icra hakimiyyətinin təşkilatçılığı ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Uşaqlar bizim nurlu sabahımızdır” adlı tədbir keçirilib.
İcra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdən öncə Yasamal Rayon İcra Hakimiyyətinin foyesində Ulu öndər Heydər Əliyevin büstü önünə gül-çiçək dəstələri qoyulub. Tədbirdə dövlət himni səsləndirilib.
Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova giriş nitqi ilə çıxış edərək uşaqları bayram münasibətilə təbrik edib və ölkəmizdə uşaqlara xüsusi diqqət və qayğının olduğunu diqqətə çatdırıb. Həmçinin uşaqların Vətənə layiqli vətəndaşlar kimi böyüməsi, cəmiyyətdə sağlam mövqe tutması üçün Azərbaycan dövlətinin hər cür şərait yaratdığını vurğulayıb. T.Muradova bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tez-tez uşaq evləri və internat məktəblərində olur, ölkəmizin balaca sakinlərinin gündəlik qayğıları, təlim-tərbiyəsi, təhsili, asudə vaxtlarının təşkili ilə maraqlanır, uşaq evlərində məskunlaşan balacalara əsl ana qayğısı göstərirlər.
Tədbirdə Abbas Mirzə Şərifzadə adına Mədəniyyət Mərkəzinin istedadlı şagirdləri konsert proqramı ilə çıxış ediblər, mərkəzin və Avropa-Azərbaycan məktəbinin şagirdlərinin əl işlərindən ibarət sərginin nümayişi keçirilib.
Sonda tədbir iştirakçılarına fəxri fərman və hədiyyələr təqdim olunub.