İQTİSADİYYAT
Yasamal rayonunda “Azexport.az” portalı sahibkarlara təqdim olunub
Bakı, 10 fevral, AZƏRTAC
Bakının Yasamal rayonunda “Azexport.az” portalı sahibkarlara təqdim olunub.
Yasamal Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, rayon icra hakimiyyəti başçısının I müavini Səməd İslamov sahibkarlığın və qeyri-neft sektorunun inkişafının ölkədə həyata keçirilən iqtisadi siyasətin prioritet istiqamətlərindən biri olduğunu, aparılan iqtisadi islahatlar nəticəsində son illər ərzində bu sahədə mühüm nailiyyətlər əldə edildiyini, qeyri-neft sektorunun ümumi daxili məhsulda xüsusi çəkisinin artdığını, ixrac potensialı yüksək olan rəqabətqabiliyyətli malların istehsalının genişləndiyini qeyd edərək, ölkə başçısının “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 18 yanvar tarixli Sərəncamını və “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında 2016-cı il 5 oktyabr tarixli Fərmanını xatırladaraq bildirib ki, dövlət başçısının bu Fərman və Sərəncamından irəli gələn tapşırıqlarına uyğun olaraq, bu portalın da rəqabətqabiliyyətli və ixracyönümlü yerli məhsulların “Made in Azerbaijan” brendi altında xarici bazarlarda satılması və tanınmasında böyük rolu olacaq.
“Azexport.az” portalının rəhbəri Zaur Qardaşov dövlət başçısının Azərbaycan mallarının beynəlxalq səviyyədə təbliği üçün yeni imkanların yaradılmasının zəruriliyini, ölkədə fəaliyyət göstərən sahibkarların əhatə dairəsinin, istehsal imkanlarının artmasının və onlara dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə 2016-cı il 21 sentyabr tarixində “Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında” Sərəncam imzaladığını bildirərək, bu Sərəncam əsasında ölkədə istehsal olunan mallar və həmin malların istehsalçıları barədə məlumatları əks etdirən portalın, yəni “Azexport.az”ın yaradıldığını qeyd edib. O, portalın yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmaq, beynəlxalq bazara inteqrasiya prosesini sürətləndirmək və bu sahədə əlverişli şəraiti daha da genişləndirmək məqsədi daşıdığını diqqətə çatdırıb.
Sonra “Cybernet” şirkətinin əməkdaşı Səadət Salehova sahibkarları “Azexport.az” portalında istehsalçı şirkətlərin və onların nümayəndəliklərinin qeydiyyatı və məhsul məlumatlarının yerləşdirilməsi qaydaları ilə tanış edib.
Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb və onlara “İstehsalçı şirkətlərin və onların nümayəndəliklərinin qeydiyyatı və məhsul məlumatlarının yerləşdirilməsi üzrə İstifadəçi Təlimatı” paylanılıb.