CƏMİYYƏT


Yasamal rayonunda “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilib

A+ A

Bakı, 28 oktyabr, AZƏRTAC

Oktyabrın 28-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Yasamal Rayon İcra Hakimiyyəti ilə birgə “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirib.

AZƏRTAC xəbər verir ki, tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon idarəsinin şəxsi heyəti, orta məktəblərin yuxarı sinif şagirdləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları iştirak ediblər.

Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev bildirib ki, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkil etdiyi belə tədbirlərin rolu böyükdür. Bildirib ki, hər bir vətəndaşımız, o cümlədən yasamallılar Vətənimizin müdafiəsi, işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda mübarizəyə daim hazırdırlar.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general-mayor Novruzəli Orucov çıxışında əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, Prezident və Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin uğurla davam etdirdiyi ordu quruculuğu prosesindən, bu sahədə əldə olunan uğurlardan danışıb.

General-mayor Novruzəli Orucov çıxışında aprelin əvvəllərində təmas xəttində baş vermiş döyüşlərdə Azərbaycan Ordusunun düşməni ağır məğlubiyyətə uğradaraq, regionun ən güclü ordusu olduğunu sübut etdiyini vurğulayıb. O, ordumuzun işğal altındakı torpaqlarımızın azad edilməsi üçün hər an hazır olduğunu bildirib.

“Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları” İctimai Birliyinin sədri Məhəmməd Vəliyev ölkəmizdə vətənpərvərlik ruhunun təbliğində və onun gənc nəslə aşılanmasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkil etdiyi tədbirlərin önəmini yüksək qiymətləndirib.

“Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin sədri Mətanət Əsgər qızı çıxışında gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb. O, ölkəmizdə bu istiqamətdə, həmçinin ordu quruculuğu sahəsində görülən işlərin əhəmiyyətindən, Silahlı Qüvvələrimizin son döyüşlərdə göstərdiyi qəhrəmanlıqdan danışıb.

Diqqətə çatdırılıb ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsinin, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda yetişməsi məqsədilə mütəmadi olaraq ictimai tədbirlər keçirir.

Tədbirdə şəhid ailələrinin və veteranların nümayəndələri, çağırışaqədərki hazırlıq rəhbəri, eləcə də “Çağırışaqədərki hazırlıq” fənnində yüksək nailiyyət göstərən şagird mükafatlandırılıb.

Sonda Yasamal rayonunun müxtəlif məktəblərinin şagirdləri və vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı maraqlı konsert proqramı ilə çıxış ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.